Populist siyasətçinin ziddiyyətli sülh bəyanatları və sui-qəsd qorxusu

Aktual

20.11.2023 - 14:00

Nazim Cəfərsoy: “Ermənistan hakimiyyəti də anlayır ki, nə hərb, nə sülh şəraiti uzun müddət davam edə bilməz”

Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə sülh bəyanatı ilə çıxış edib. Paşinyan Ermənistan Parlamentində çıxışı zamanı deyib ki, yaxın aylarda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün rəsmi İrəvanın siyasi iradəsi var: “Təbii ki, Ermənistanın bu müqaviləni təkbaşına imzalaya bilməz. Nəzərə almaq lazımdır ki, bunun üçün Azərbaycanın da imzası lazımdır”.

Baş nazir qeyd edib ki, sülhün üç əsas prinsipi əslində Azərbaycanla razılaşdırılıb: “Bu, mayın 14-də və iyulun 15-də Brüsseldə aparılan danışıqlar zamanı baş verib”.

Paşinyan həmçinin ATƏT PA-nın ilk dəfə İrəvanda keçirilən payız sessiyası zamanı da sülh bəyanatı ilə çıxış edib: “Ermənistan–Azərbaycan sülh prosesi ilə bağlı yaxşı və pis xəbərlərimiz var. Azərbaycanla sülhün əsas prinsipləri razılaşdırılıb. Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Brüsseldə görüşlərimiz nəticəsində baş verib. Ən böyük pis xəbər isə odur ki, tərəflər hələ də müxtəlif diplomatik dillərdə danışırlar və çox vaxt bir-birini başa düşmürlər”.

Sülh bəyanatları ilə yanaşı, rəsmi İrəvan Azərbaycana qarşı beynəlxalq arenada kampaniyalarını davam etdirir. Bununla Ermənistan hakimiyyəti sülhdə səmimi olmadığını göstərir.

Ermənistan rəhbərliyinin sülh danışıqlarını Qərb platformasına daşımaq cəhdləri və ziddiyyətli sülh bəyanatları ilə bağlı AYNA-nın suallarını Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy cavablandırıb. Politoloq deyib ki, Azərbaycanla Ermənistan arasındakı məsələlərin həlli barədə gedişatı 4 mərhələyə bölmək olar: müharibə, antiterror tədbirləri, diplomatik mübarizə və sülh prosesi.

- Hər prosesdən sonra periodik mexanizmlər olub. İkinci Qarabağ sindən əvvəl Azərbaycan dəfələrlə sülhə çağırış etdi, Ermənistan isə bu çağırışlara müsbət cavab vermədi. Bundan sonra münasibətlər gərginləşdi, müharibə oldu. Azərbaycan 44 günlük savaşda qalib gəldi. Müharibədən sonra Azərbaycan qalan problemləri həm diplomatik yolla həllinə çalışdı, həm də antiterror tədbirləri həyata keçirdi. Suverenlik bərpa olunandan, Xankəndidə bayraq qaldırılandan sonra sülh prosesi daha aktual şəkildə gündəmə gəlib. Rəsmi Bakının təklifləri var və onlar konkretdir. Hesab edirəm ki, qarşı tərəf zərbələri həzm etdikcə, şərtləri bir-bir qəbul edəcək. Söhbət təkcə Ermənistandan getmir, bu zərbələri həmçinin erməni lobbisi və İrəvanın beynəlxalq arenadakı havadarları da həzm etməlidirlər.

Hazırda Paşinyan nəticələri və reallıqları erməni cəmiyyətinə həzm etdirməklə məşğuldur. Eyni zamanda, bu prosesdən hakimiyyətinin zərərli çıxmaması, devrilməməsinə çalışır. İndi sülh prosesinin tamamilə gündəmdən çıxması Paşinyanın arzu etmədiyidir. Ermənistan rəhbəri rasional mərhələni başlatmaq istəyir.

- Məlumdur ki, Azərbaycan Brüssel platformasından maraqlarının təmin olunmaması səbəbindən imtina edir. Paşinyan isə Brüssel formatını önə çəkir. Bununla erməni Baş nazir yenidən prosesi uzatmaq niyyəti güdmür ki?

- Məsələ burasındadır ki, Fransanın göstərişi ilə Brüssel platformasında sülh prosesi sabotaj edildi. Azərbaycan Qranada görüşündən də, Brüssel görüşündən də imtina etdi, üstəlik, Vaşinqtonun vasitəçiliyinə də Bakıdan “yox” deyildi. Çünki bu platformalarda Azərbaycanın tələbləri tam təmin olunmur. İndi Paşinyan bu platformaların uğurlu olmasını deməklə Azərbaycanın yenidən danışıqlar masasına qayıtmasına nail olmaq istəyir. Bu bəyanatı ATƏT-də deməklə həmçinin Qərbə mesaj verir ki, “baxın, sizin başlatdığınız proses bitir, amma mən bu prosesi yeniləməyə çalışıram”. Azərbaycan sülh sazişinin imzalanmasını istəyir, amma tələblərinin təmin olunması şərti ilə. Ortada olan təkliflər var, və o təkliflər əsasında saziş imzalana bilər. Məsələ bu qədər sadədir. Lakin biz müşahidə edirik ki, İrəvandan verilən sülh bəyanatları ilə yanaşı, Ermənistan Azərbaycana qarşı qarayaxma kampaniyasını da aparmaqda davam edir. Belə olan halda danışıqlar olsa da, effekti az olacaq. İrəvan sülh istəyində səmimidirsə, o zaman nala-mıxa vurmağa ehtiyac yoxdur. Olmasın Qərb platforması, Rusiya platforması, olsun Tiflis platforması. Yetər ki, Ermənistan rəhbərliyi səmimi olsun.

- Ümumiyyətlə, Paşinyanın açıqlamalarında çoxlu zidiyyətli məqamlar var. Gah sülhə hazır olduğu bəyanatı verir, gah Azərbaycanı ittiham edir, gah müharibəyə hazırlıqdan danışıq. Bütün bunlar nə ilə bağlıdır və nələrə gətirib çıxara bilər?

- Unutmamaq lazımdır ki, Paşinyan populist siyasətçidir və hakimiyyətla bağlı ciddi rezervlərə malikdir. Eyni zamanda, Paşinyanın siyasi vəziyyəti həssasdır. Anlayır ki, hakimiyyətini itirsə, bununla canını qurtara bilməz. Paşinyanın hakimiyyəti itirməklə yanaşı, fiziki mənada özünün və ailəsinin həyatını itirməsi riski var. Ona görə də Paşinyan Ermənistan-Azərbaycan sülh sazişi ilə bağlı zidiyyətli açıqlamalar verməkdədir. İstəmir ki, hakimiyyətinə ciddi təhlükə yaransın və əleyhdarları bundan istifadə edərək onu devirsinlər. Lakin bu mövqe sonsuzadək davam edə bilməz. Paşinyan da anlayır ki, sülh olmadan sabitliyin təmini mümkünsüzdür.

- Sizcə, Paşinyana qarşı sui-qəsd realdırmı?

- Nəzəri baxımdan, bir siyasətçinin addımlarının qarşısını ala bilmirsənsə, o zaman sui-qəsd ona qarşı populyar üsuldur. Söhbət Ermənistandan gedirsə, bu ehtimal daha da artır. Nəzərə alaq ki, Ermənistanda siyasilərə qarşı terror təcrübəsi var. Paşinyan hakimiyyətə beş ildir gəlib. Ondan əvvəl Ermənistan dövlətinin içərisində ənənəvi strukturlar var ki, o strukturların Qarabağa baxışı, Azərbaycana baxışı fərqlidir. O strukturlar Paşinyanın sülhlə bağlı yanaşmasını qətiyyən qəbul etmirlər. Eyni zamanda, “Qarabağ klanı” deyilən güclərin Paşinyana qarşı sərt mövqedə dayanması var. Erməni lobbisi, xüsusilə, Qərbdəki lobbi qrupları sülh prosesini sabotaj etməklə məşğuldurlar. Ona görə də, hesab edirəm ki, Paşinyana qarşı sui-qəsd ehtimalı realdır. Paşinyan da bunu bilir və belə zidiyyətli açıqlamalarla vəziyyəti neytrallaşdırmağa çalışır. Amma Ermənistan hakimiyyəti də anlayır ki, nə hərb, nə sülh şəraiti uzun müddət davam edə bilməz.

Müəllif: Anar Bayramoğlu