Ağciyərində xəstəlik olan Kərim Süleymanov səhhətilə bağlı azadlığa çıxıb
Dünən Yasamal rayonunda polisin üzərinə zibil atılmasına görə saxlanılan qardaşlardan biri azadlığa çıxıb. AYNA bildirir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.
Vəkil qeyd edib ki, ağciyərində xəstəlik olan Kərim Süleymanov səhhəti ilə bağlı azadlığa çıxıb. K.Süleymanov artıq evindədir. Ona məhkəmə qərarı ilə 15 sutka cəza verilmişdi.
Vəkil onu da bildirib ki, Gülər Süleymanova ilə hüquqi xidmət məsələrini rəsmiləşdiriblər. “Məhkəmə qərarlarını götürüb, tutulan övladları Elvin və Kərim Süleymanovların işi üzrə apellyasiya şikayəti verəcəm. Onun özünə qarşı da yol verilən qanun pozuntuları ilə bağlı şikayətlər olunacaq”, Cavadov qeyd edib.
Qeyd edək ki, Kərim Süleymanov vətəndaşların saxlanılması zamanı polis əməkdaşlarından birinin video çəkiliş edərək, “siz də, əriniz də dovşansınız” dediyi Gülər Süleymanovanın oğludur. Həmin polis əməkdaşı bu gün Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub. Gülər Süleymanovadan isə üzr istənilib.
Xatırladaq ki, dünən Gülər Süleymanovanın evində çəkilən görüntülər müzakirələrə səbəb olmuşdu. Onun digər oğlu Elvin Süleymanov yatan yerdə polis tərəfindən yarıçılpaq şəkildə saxlanılmışdı.