“Pasiyentə 14 gün ərzində ambulator xidmətlər göstərilməlidir”

Cəmiyyət

30.01.2020 - 12:11

Səbinə Quliyeva: “Planlı stasionar tibbi xidmət üçün gözləmə müddəti 20 gündür”

 

İcbari tibbi sığorta sisteminin tətbiq olunduğu ərazilərdə ehtiyacı olan insanlara tibbi xidmətlərin maksimal gözləmə müddəti açıqlanıb. AYNA xəbər verir ki, bu barədə jurnalistlərə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva məlumat verib.

 

O bildirib ki, ambulator xidmətlər üçün gözləmə müddəti 14 gündür: “Ambulator xidmətlər pasiyentə 14 gün ərzində göstərilməlidir. Planlı stasionar tibbi xidmət üçün gözləmə müddəti 20 gündür, təcili tibbi və təxirəsalınmaz yardım xidməti isə dərhal göstərilməlidir. Təcili tibbi və təxirəsalınmaz yardım vətəndaşa dərhal təqdim edilməlidir. Əgər belə hal yaransa, vətəndaş tərəfindən müştərək maliyyəşmə məbləği ödənilmir. Təcili yardım maşını çağıran zaman gözləmə müddəti tətbiq edilmir”.

 

“Əhalinin tibbi yardım almasını təmin edən xidmətlər zərfinə 2550 xidmət daxildir. Xidmətlərin böyük hissəsi stasionar, terapevtik, cərrahiyyə və ambulator xidmətlərdir. Əgər vətəndaş ailə həkiminə müraciət etmədən qeydiyyatda olduğu tibb müəssisəsinə birbaşa ixtisaslı yardım almaq üçün müraciət edərsə, onda müştərək maliyyələşmə məbləği ödəməlidir. Ailə həkiminin göndərişi olmadan yalnız hamilə qadınların ixtisaslı həkimlərə müraciət etməsinə icazə verilir”, - deyə S.Quliyeva vurğulayıb.

Müəllif: Ayna.az