Paşinyanın “1 iyun” oyunu: İrəvan sülhdən uzaq, Bakı tələsir, Moskva pusquda

Siyasət

08.05.2023 - 10:50

Keçmiş dövlət müşaviri: “Heç bir neçə detalda razılıq yoxdursa, 20 gündən sonra sülh sazişinin imzalanması mümkün görünmür”

Analitik: ““1 iyun” açıqlaması İrəvan və Parisin birgə planı kimi görünür”

Yaxın aylarda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı həm yerli, həm də erməni mediasında müzakirələr getməkdədir. Sazişin imzalanmasına ümid isə son vaxtlar intensivləşən danışıqlar və Ermənistan rəhbərliyindən verilən bəzi açıqlamalardır. Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 3-də parlamentdə müxalif “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyanın “Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkün olub-olmadığı” sualına belə cavab verib: "Belə olsaydı, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, danışıqları sərbəst aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”.

Paşinyanın bu bəyanatından sonra erməni mediasında “İrəvan təslimçi sülhə gedir”, “Paşinyan Ermənistanın maraqlarına uyğun olmayan sülh sazişini imzalayacaq” kimi tənqidi fikirlər yer alıb. Azərbaycan ictimaiyyətində isə Paşinyanın iyunun 1-də Kişinyovda sülh sazişinin imzalana biləcəyinə işarə edən açıqlamasına inam yoxdur.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya bildirib ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsindən sonra 10-a yaxın belə bəyanat verib: “Hamısı da səmimiyyətdən uzaq, vaxt qazanmağa hesablanmış bəyanatlardır. Hesab edirəm ki, Paşinyan növbəti oyununu oynamaqdadır”.

“Rəsmi İrəvanın tutduğu mövqe sülhdən uzaq görünür. Paşinyan daha çox zaman qazanmaq, sınıq-salxaq ordusunu birtəhər formalaşdırmaq niyyətində görünür. Amma Azərbaycan buna imkan verməyəcək. Çünki Bakının səbri tükənib, İrəvan üçün isə vaxt limiti tükənməkdədir”, - analitik söyləyib.

Q.Hüseynli qeyd edib ki, Kişinyovda liderlərin görüşü mümkündür: “Ola bilsin ki, ABŞ vasitəçiliyinin boşa getməməsi üçün Praqada, Soçidə razılaşdırılanlara oxşar bir bəyanat verilsin. Amma sülh sazişinin belə tezliklə imzalanacağı inandırıcı deyil. Nazirlərin Vaşinqtonda 4 günlük danışıqlarından sonra verilən açıqlamalara, məlumatlara baxdıqda görürük ki, İrəvanın mövqeyi hələ ki, sülhdən yana deyil. Heç bir neçə detalda razılıq yoxdursa, 20 gündən sonra sülh sazişinin imzalanması mümkün görünmür. Ona görə də bu açıqlamanı Paşinyanın növbəti yalanı kimi qiymətləndirirəm”.

“Burada Rusiya amilini də unutmaq olmaz. Moskva onun nəzarətindən kənar danışıqlarda razılıq əldə edilməsinə imkan verərmi? Mən buna inanmıram. Ola bilsin ki, bu günlərdə yenidən sərhəddə və Qarabağda separatçılar Kremldən gələn təlimat əsasında hansısa təxribatlar törətsinlər. Yəni bu istisna deyil. Çünki Rusiyanın patronajlığından kənarda Bakı ilə İrəvan arasında sülh istiqamətində bir addım atılırsa, dərhal Moskva hərəkətə keçir, pozuculuq edir”, - deyə politoloq fikrini tamamlayıb.

Analitik Asif Nərimanlı da AYNA-ya bildirib ki, Paşinyanın iyunun 1-i ilə bağlı dedikləri Ermənistan tərəfinin növbəti oyunudur: “Necə olur ki, Azərbaycana qarşı ərazi iddiası irəli sürən və Vaşinqton danışıqlarında əsas müddəalar üzrə razılaşmayan Ermənistanla iyunun 1-də sülh sazişinin imzalanması imkanı olsun?! Paşinyan 1 iyun tarixini ABŞ-dakı danışıqların yekun nəticələri açıqlanmamışdan öncə elan etmişdi. Bu baxımdan, “1 iyun” açıqlaması İrəvan və Parisin birgə planı kimi görünür. Çünki 1 iyunda Moldovada Azərbaycan və Ermənistan liderlərinin görüşünün ola biləcəyini Fransa açıqladı. Fransa xarici işlər nazirinin regiona səfəri də buna hesablanmışdı və beləliklə, rəsmi Paris Vaşinqton və Moskva prosesinə paralel olaraq, özünün vasitəçilik etdiyi prosesi yaratmağa çalışır. Bu, Fransanın regional və geosiyasi maraqları üçün lazımdır”.

Siyasi icmalçı qeyd edib ki, üç format arasında Azərbaycanın əleyhinə olaraq, Ermənistanın maraqlarını təmin edə biləcək əsas platforma məhz “Paris prosesi” hesab oluna bilər: “Söhbət həm İrəvanın sərhəd planına nail olması, həm də Qarabağdakı separatçıların dəstəklənməsindən gedir. İrəvanın Vaşinqtonda razılaşmamasının arxasında, böyük ehtimalla bu məqam dayanır və belə görünür ki, bu, Parislə İrəvanın birgə planıdır. O baxımdan, 1 iyun tarixi sual altındadır, çünki rəsmi Bakının buna razı olmayacağı ehtimalı daha böyükdür”.

Müəllif: Anar Bayramoğlu