"Biz inanırıq ki, dəmir yolumuz Azərbaycan dəmir yolu ilə birləşdirilməli və texniki parametrlər də daxil olmaqla, bu məsələlər fəal şəkildə əlaqələndirilməlidir”
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun TRIPP layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmalı olduğu barədə açıqlaması ilə razılaşıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Paşinyan bu barədə Ermənistan Parlamentinin iclasında deyib.
Onun sözlərinə görə, “Ermənistanda tikilən dəmir yolu Azərbaycan dəmir yoluna qoşulmalı və bu baxımdan texniki parametrlər də razılaşdırılmalıdır”.
"Biz inanırıq ki, dəmir yolumuz Azərbaycan dəmir yolu ilə birləşdirilməli və texniki parametrlər də daxil olmaqla, bu məsələlər fəal şəkildə əlaqələndirilməlidir. Məhz buna görə də üçtərəfli işçi qrupu yaradılıb", - deyə Baş nazir qeyd edib.
Bundan əlavə, o, həmçinin vurğulayıb ki, TRIPP layihəsinin həyata keçirilməsinin praktiki mərhələsinin vacib mərhələlərindən biri cənub sərhədində kommunikasiyaların çəkilməsi üçün zəruri olan sərhəd hissələrinin demarkasiyası olacaq.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Yohan Vadeful ilə birlikdə Bakıda keçirdiyi birgə brifinqdə Ermənistan ərazisindən 42 kilometrlik nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutan Tramp Marşrutu Layihəsinin (TRIPP) texniki parametrlərinin Azərbaycanla razılaşdırılmalı olduğunu bildirib.