"Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh hər kəs üçün görünən və hiss olunandır"
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında münaqişənin həll olunduğunu və iki ölkə arasında sülhün bərqərar olduğunu bəyan edib.
AYNA.AZ-ın erməni mediasına istinadən verdiyi məlumata görə, Paşinyan bu açıqlamanı 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli görüşün ildönümü münasibətilə Ermənistan xalqına müraciətində verib.
Paşinyan qeyd edib ki, bir il əvvəl ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə Ağ Evdə Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli görüş keçirilib və nəticədə iki ölkə arasında sülh bərqərar olub.
Onun sözlərinə görə, Ermənistan tərəfi artıq 8 avqust görüşünü Sülh Zirvəsi, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə qəbul etdiyi və Donald Trampın şahid kimi imzaladığı birgə bəyannaməni isə Sülh Bəyannaməsi adlandırır.
"Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh hər kəs üçün görünən və hiss olunandır", - Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, eyni zamanda, sülh gündəliyi hələ tam şəkildə yekunlaşdırılmayıb. O, xatırladıb ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən paraflanmış "Ermənistan və Azərbaycan arasında sülhün qurulması və dövlətlərarası münasibətlər haqqında Saziş" hələ imzalanmayıb və təsdiqlənməyib. Paşinyan həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının davam etdirilməsinin vacibliyini bildirib.
Baş nazir əlavə edib ki, "Ermənistan və Azərbaycan arasındakı münaqişənin səhifəsi bağlanıb, sülh bərqərar olub. Bu, gözlərinizin qarşısındadır, həyatınızın və gündəlik həyatınızın bir hissəsinə çevrilib".
O, ABŞ prezidenti Donald Trampa Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına verdiyi töhfəyə görə təşəkkür edib.
"Erməni xalqını 8 avqust münasibətilə təbrik edirəm. Azərbaycan xalqını 8 avqust münasibətilə təbrik edirəm", - deyə Paşinyan çıxışını yekunlaşdırıb.