Pandemiya İtaliyanın mənzil bazarında qiymətlərə təsir etməyib

Dünya

09.07.2020 - 11:26

Mənzil dəyəri baxımından ən bahalı İtaliya şəhəri Florensiya olaraq qalır

 

Koronavirus pandemiyası İtaliyanın daşınmaz əmlak bazarına ciddi təsir göstərməyib. AYNA xarici mediaya istinadən bildirir ki, 2020-ci ildə ölkədə bir kvadrat metrin qiyməti ötən dövrlə müqayisədə sabit qalıb.

 

2020-ci ilin iyununda İtaliyada mənzillərin bir kvadrat metri orta hesabla 1896 avroya başa gəlib. İtaliyanın şimalındakı mənzillərin qiyməti yay ayında 1 kvadrat metr üçün 1977 avro, ölkənin mərkəzi hissəsində 2 min 234 avro, cənubunda 1537 avro təşkil edib. Demək olar ki, bütün bölgələrdə sıfır və ya sıfıra yaxın qiymət dinamikası qeydə alınıb.

 

Ekspertlərə görə, mənzil dəyəri baxımından ən bahalı İtaliya şəhəri Florensiya olaraq qalır. Burada mənzilin kvadrat metri orta hesabla 3 min 852 avroya başa gəlir.

 

Xəbərdə bildirir ki, mayın sonlarının statistikasına görə, koronavirus pandemiyası xaricilərin İtaliyada mənzil almaq istəyinə mane olmayıb. Ümumiyyətlə, COVID-19 səbəbiylə ölkədə daşınmaz əmlaka daxili və xarici tələb azalsa da, bazarda qeyri-rezidentlərin payı artıb.

Müəllif: Ayna.az