Padar avtomobil yolu yenidən qurulur

Xəbərlər

04.05.2021 - 15:58

Yol 600 əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək

 

Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-cı kilometrindən ayrılan və Padar kəndinə gedən avtomobil yolu yenidən qurulur.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, sözügedən yol uzunluğu 2500 metr olmaqla, 600 əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək.

 

Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr nəzərdə tutulub. Hazırda avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Tikinti layihəsinə uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır. Yolun müəyyən hissəsində genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür. Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri yerlərdə müxtəlif diametrli dəmir-beton boru quraşdırılır.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yolboyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılacaq. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri görüləcək.

 

Texnoloji ardıcıllığa uyğun olaraq aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Müəllif: Ayna.az