Özəlləşdirmə çekləri tədavülə qaytarılsın - Yüzlərlə ziyalını birləşdirən hədəf

Cəmiyyət

11.01.2022 - 20:29

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclis üzvlərinin 15 faizindən çoxu da bununla bağlı açıq mövqe ortaya qoyub

Ötən əsrin 90-cı illərində Sovet dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində iştirak məqsədilə vətəndaşlara özəlləşdirmə çekləri paylandı. Vətəndaşlar bu çekləri həm alıb-sata, həm də pay sahibinə çevrilə bilərdilər. Lakin əhalinin böyük hissəsinin qiymətli kağızlar bazarı ilə bağlı maariflənmə səviyyəsinin aşağı olması, yanlış informasiyalarla bazarın yönəldilməsi, özəlləşdirilən müəssisələrin sonradan bağlanması, dağılması son nəticədə çeklərin əllərdə dəyərsiz bir kağız parçasına çevrilməsinə səbəb  oldu və 2011-ci ildən etibarən müddətini başa vurdu.

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə, tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən, 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

2011-ci ildən etibarən tədülü dayandırılsa da, əksər ekspertlər bu addımı qanunazidd hesab edir. Öz növbəsində, çekləri əllərində qalmış vətəndaşlar da əmindirlər ki, vauçerlərin tədavülü bərpa ediləcək, həm də müddətsiz şəkildə. Azərbaycan İnvestisiya Holdiqinin yaradılması, ölkəboyu müşahidə olunan kompleks islahatlar, gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılacağı ilə bağlı rəsmi açıqlamalar da bu əminliyi artırır. Milli Məclisin deputatları, ziyalılar, iqtisadçılar, ictimai-siyasi xadimlər məsələ ilə bağlı hökumətə çağırışlar ediblər.

AYNA yola saldığımız 2021-ci ildə bu məqsədlə mətbuata açıqlamalar verən, özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılmasının vacibliyindən bəhs edən ziyalılarla bağlı araşdırma aparıb.

Milli Məclisin deputatları Aqil Abbas, Azər Badamov, Vüqar Bayramov, Vahid Əhmədov, Kamilə Əliyeva, Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Anar İsgəndərov, Tahir Rzayev, Fazil Mustafa, Ceyhun Məmmədov, Razi Nurullayev, Rüfət Quliyev, Asim Mollazadə, Zahid Oruc, Tahir Kərimli, Aydın Mirzəzadə, Nəsib Məhəməliyev bununla bağlı mətbuatda çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Milli Məclisin 125 deputatı olmalıdır. Dörd dairə üzrə seçkilərin nəticələri ləğv edildiyini, bir deputatın vəfat etməsini və digər bir deputatın da toxunulmazlıq hüququnun götürülərək həbs edilməsini nəzərə alsaq, hazırda parlamentdə 119 deputat təmsil olunur. Onlardan 18-i bu məsələyə birbaşa münasibət bildirib ki, bu da kifayət qədər ciddi rəqəmdir. Orta hesabla 15 faizdən artıq deputat bununla bağlı öz açıq mövqeyini ortaya qoyub.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Yeni Zaman Partiyasının sədri Musa Ağayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Yüksəliş  Partiyasının sədri Anar Əsədli,  Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov, AĞ Partiyanın sədri Tural Abbaslı, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, YAP-ın tanınmış üzvlərindən, professor Şahlar Əsgərov, son qurultayda kollektiv şəkildə bu partiyaya birləşdiyini elan edən Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc, sabiq dövlət müşaviri Qabil Hüseynli də özələşdirmə çeklərinin tədavül müddətinin artırılmasının vacibliyi ilə bağlı açıqlamalarla çıxış ediblər.

Məşhur mədəniyyət xadimləri Flora Kərimova, Akif İslamzadə, Cavanşir Quliyev, Əbdül Mahmudəbəyov, Vaqif Bəhmənli, Əməkdar elm xadimlərindən Prezidentin səlahiyyətlərini icra etmiş, Milli Məclisin sabiq sədri, akademik Yaqub Məmmədov, professorlar Firudin Cəlilov, Elşad Məmmədov, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Azərbaycan Vəkillər Kollegiyasının üzvləri İradə Cavadova, Osman Kazımov, Xəyal Bəşirov, Adəm Məmmədov da bununla bağlı ölkə rəhbərliyinə və ictimaiyyətə çağırışlar ediblər.

İqtisadçı ekspertlərdən Qubad İbadoğlu, Nazim Bəydəmirli, Fikrət Yusifov, Elşad Məmmədov, Pərviz Heydərov, Elçin Bayramlı, Asif İbrahimov, Xalid Kərimli, əmlak ekspertlərindən Mirdamət Əzizov, Vüqar Oruc, Ramil Osmanlı, hüquqşünas Fərhad Mehdiyev, QHT sektorundan Mirvari Qəhrəmanlı, Sahib Məmmədov, Azər Həsrət  və digərləri də özəlləşdirmə prosesi zamanı vətəndaşlara dəymiş ziyanın kompensasiya edilməsini tələb ediblər.

Göründüyü kimi, ölkə ictimaiyyəti bu məsələ ətrafında sıx birləşib və çağırış edən ziyalıların yekdil fikri bundan ibarətdir ki, özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılmalı və zərər görmüş vətəndaşlara kompensasiya ödənilməlidir.

Bir çox ekspertlər hesab edirlər ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması və bu qurumun əsas öhdəliklərindən biri olaraq gəlir gətirməyən dövlət qurumlarının özəlləşdirməyə çıxarılmasının müəyyən olunması 2022-ci ildə tədavül müddətinin yenidən artırılacağına və kütləvi şəkildə vətəndaşlara dəyən ziyanın kompensasiya edilməsinə gətirib çıxaracaq.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərin ardınca ədalət zəfərinin də baş verəcəyinə və nəhayət uzun illərdən sonra bu məsələnin öz həllini tapacağına inam böyükdür.

Yaşasın müstəqil və qalib Azərbaycan!

Qeyd: Mövzuya dair daha ətraflı məlumat bu KEÇİDdə.

Müəllif: Aydın Gəray