Övlada görə valideyni cərimələyəcəksən, zərbəsi yenə övlada dəyəcək – Başqa yol var

Cəmiyyət

21.02.2022 - 23:27

Uşaq istismarına qarşı mübarizənin yeganə effektiv forması ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır

Uşaq əməyi istismarın bir formasıdır və əksər ölkələrdə qeyri-qanuni addımdır. Bu, müntəzəm olaraq görülən işdir, əlbəttə ki, uşağın hüquqlarını pozmadıqda və ona heç bir şəkildə zərər vermədikdə, ev işlərində yardım kimi təsadüfi yardımla qarışdırılmamalıdır.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) və UNICEF-in məlumatına görə, fabriklərdə, mədənlərdə və kənd təsərrüfatında 63 milyon qız və 97 milyon oğlan çalışır. Eyni zamanda, onların xeyli faizi təhsildən kənarda qalmışdır ki, bu da onların uğurlu yetkin həyatı üçün şanslarını əhəmiyyətli dərəcədə azaldır. Və bütün bunlar sivil dövlətlərin bu neqativ halla mübarizə tədbirləri həyata keçirməsinə baxmayaraq, baş verən reallıqdır.

Ölkəmizdə uşaqlığın qorunmasına qanunvericilik səviyyəsində lazımi diqqət yetirilir, o cümlədən yetkinlik yaşına çatmayanların istismardan qorunması sahaəsində. Amma əslində bir çox məktəb yaşlı uşaqlar qohumlarına kömək etdikləri üçün məktəbə getmirlər. Sovet dövründə uşaq məktəbə getmirdisə, sinif rəhbəri onun evinə baş çəkərək səbəbin nə olduğunu öyrənirdi. İndi az adam buna əhəmiyyət verir və bəzən göstəriciləri korlamamaq üçün məktəb jurnalında bir şagirdin olmadığı qeyd belə, edilmir.

Xatırladaq ki, qanuna görə, 15 yaşına çatmış uşaqlar işləyə bilər, lakin hər bir işdə deyil və böyüklərdən daha az saat işləmək şərtilə. Bu yaşdan kiçik uşaqların işləməsinə icazə verilmir. Buna görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək miqdarda cərimə edilir.

Ötən il 13 yaşadək uşaqların qanunsuz əməyə cəlb edilməsi ilə bağlı 4 fakt müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov AzTV-yə açıqlamasında deyib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə buna yol vermiş vəzifəli və hüquqi şəxslərə cərimə tətbiq edilib.

2020-ci ildə üç belə hal müəyyən edilmişdi. Amma təbii ki, bu rəqəmlər ölkədə uşaq əməyinin istismarı ilə bağlı real vəziyyəti heç də əks etdirmir.

Uşaq Hüquqlarını Müdafiə Liqasının (UHML) rəhbəri Yusif Bəkirovun AYNA-ya dediyinə görə, bu 4 halda işəgötürənlərin məsuliyyətə cəlb olunması ən azı bir göstəricidir: “Amma faktiki olaraq Azərbaycanda çoxlu sayda uşaq əməyin istismarına məruz qalır. Heç kim konkret rəqəmlər deyə bilməz. Rayonlarda çoxlu uşaqlar pambıq tarlasında işləyir, tütün yığımına və digər tarla işlərinə cəlb olunur, örüşdə heyvan otarırlar və s. Şəhərlərdə uşaqlar, xüsusən də tikinti tullantılarının yığılması ilə məşğul olurlar”.

“Bəs belə faktlarla nə etmək lazımdır? Təbii ki, valideynlər məsuliyyətə cəlb oluna bilər, lakin bu, uşaqların həyatını asanlaşdırmayacaq. Valideynlər cərimələnsə, bu, ailə büdcəsinə mənfi təsir göstərəcək və ilk növbədə uşaq bundan əziyyət çəkəcək. Çətin maliyyə şərtlərinə görə bu uşaq daha çox istismara məruz qalacaq”, - deyə həmsöhbətimiz bildirib.

Bəkirovun fikrincə, uşaq istismarına qarşı mübarizənin yeganə effektiv tədbiri ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır: “Həmçinin, korrupsiyaya qarşı mübarizə aparmaq lazımdır. Çünki bunun sayəsində varlılar daha da varlanır, kasıblar daha da yoxsullaşır. Qanun çox vaxt yalnız kasıblar üçün yazılır və onlar öz həyatlarını yaxşılığa doğru dəyişmək istəyəndə bürokratiya və korrupsiya ilə üzləşirlər”.

“Xidmət-iş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da AYNA-ya deyib ki, aşkarlanmış hallar uşaq əməyinin istismarı ilə bağlı real faktların yalnız kiçik bir hissəsidir: “Amma bu, o demək deyil ki, əmək sferasında nəzarət yoxdur. Belə ki, rəsmi iri tikinti sahələrində uşaq əməyindən qətiyyən istifadə olunmur. Amma regionlarda kiçik tikinti sahələrində bunlar mümkündür. Biri yeməkxanada, kafedə, çayxanada, təmir sexlərində işləyir. Müəyyən etmək çətindir, çünki bu cür işlər qeydiyyat olmadan aparılır. Bəzi ucqar kəndlərdə məktəblər praktiki olaraq işləmir və oradakı uşaqlar valideynlərinə kömək etməklə əlavə pul qazanırlar”.

Müsahibimiz dilənçiliyin də uşaq əməyinin istismarının bir forması olduğunu söyləyib: “Təəssüf ki, 4-7 yaşlı uşaqların bu “fəaliyyətə” cəlb olunması artıb. Böyüklər kölgədə qalır, uşaqlar isə maşınların arasında manevr edərək pul istəyirlər ki, bu da onların həyatı üçün çox təhlükəlidir. Uşaqlar çay evinə axşam saat 22-də gəlirlər ki, guya corab və ya salfet satsınlar, amma əslində bu, dilənçiliyin bir növüdür. Çoxları heç nə almır, amma uşaqlara hərəsi 20-30 qəpik verir. Valideyn ondan qazandığını dərhal alıb başqa iaşə obyektlərinə göndərir”.

“Hər bir işi ayrıca nəzərdən keçirmək lazımdır - bəzi valideynlər bunu yoxsulluq, tənbəllik və məsuliyyətsizlik ucbatından edirlər. Biz səbəbləri başa düşməliyik. Övladını istismar edən valideynlərə ilk növbədə xəbərdarlıq edilməli, ardınca inzibati məsuliyyətə cəlb edilməli, bu da nəticə verməsə, onlara qarşı daha sərt tədbirlər görülməlidir. Çünki uşaq qidalandırılmalı, təhlükəsiz şəraitdə yaşamalı və təhsil almaq imkanı olmalıdır. Əmək istismarına məruz qalan uşaqlar cinayətkar strukturların asan hədəfinə çevrilirlər”, - deyə İsmayılov vurğulayıb.

Müəllif: Elya Belskaya

Ramanada faciə

Dünən, 17:26 Hadisə