Ötən ilki haqqımızı bu il geri qaytaracaqlar?

Cəmiyyət

28.01.2020 - 10:18

Ekspert: “Vətəndaşların ticarət və iaşə obyektlərində xərclədiklərinin bir hissəsi özlərinə qaytarılmalı idi”

 

Azərbaycan qanunvericiliyində tez-tez dəyişikliyə məruz qalan Vergi Məcəlləsində edilən son dəyişikliklərdə bu dəfə müştəri maraqlarının təmin edilməsi nəzərdə tutulub. Həmin yeniliklərdən biri ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin müştəriyə qaytarılmasıdır.

 

Belə ki, ödənişi nağdsız (pos-terminallar vasitəsilə) və nağd edənlər müvafiq olaraq, birinci halda ƏDV-nin 15, ikinci halda 10%-ni geri alacaqlar. Bir müddət əvvəl Dövlət Vergi Xidməti rəsmi məlumatında bildirmişdi ki, ƏDV-nin bir hissəsinin müştəriyə qaytarılmasına 2020-ci ilin 1 fevral tarixindən başlanılması nəzərdə tutulur.

 

Hazırda Əsasnamənin və texniki şərtlərin hazırlanması prosesi gedir. Artıq Əsasnamə layihəsi hökumətə təqdim edilib və qısa müddətdə təsdiq ediləcəyi gözlənilir. Paralel olaraq ƏDV-nin geri qaytarılması prosesinə dair texniki tələblər hazırlanıb. Orada texniki xətalar çıxmadığı halda, ən uzağı, fevralın 1-dən ƏDV-nin qaytarılması mexanizmi tam hazır olacaq və istehlakçılara təqdim ediləcək.

Raminə Eyvazqızı