Ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv edilməsinə nail olunub
Ötən il Azərbaycanda qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib. AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Komitənin məlumatında deyilir ki, uşaqlara 11 xəstəliyə qarşı vaksin vurulması nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv edilməsinə nail olunub.
Qurum Səhiyyə Nazirliyinə istinadən bildirib ki, ötən ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca ilə (99,3 faiz), bruselyoz ilə (66,2 faiz), su çiçəyi ilə (60,2 faiz), skarlatina ilə (56,1 faiz), viruslu hepatit ilə (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu ilə (43,5 faiz), qonokokk infeksiyası ilə (41,1 faiz), ağciyər vərəmi ilə (33,5 faiz), sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalıb.