Vahid Əhmədov: “Bu sahələrin sahiblərinin “yuxarı”dan dəstəkləyənləri var”
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyanın iclasında fermerlərin örüş yeri problem qaldırılıb. AYNA-nın xəbərinə görə, deputat Vahid Əhmədov çıxışı zamanı deyib ki, bəzi rayonlarda yaylaqlarla bağlı problem var.
“Nazirlər Kabineti örüş yerlərinin bölüşdürülməsini yerli İcra Hakimiyyətlərinə tapşırıb” deyən deputat qeyd edib ki, həmin örüş yerləri kənar insanlara verilib, yerli əhaliyə sahə çatmayıb.
Millət vəkili hesab edir ki, Milli Məclisdə bununla bağlı xüsusi qanun layihəsi qəbul edilməlidir: “Ya da Baş Nazir qərar verməlidir. Bu məsələ ilə məşğul olmaq lazımdır. Elə yerlər var ki, bu məsələdə ciddi qarşıdurma yaranır. Bu sahələrin sahiblərinin “yuxarı”dan dəstəkləyənləri var. Bu yaxınlarda Qubada belə bir ciddi hadisə baş vermişdi, biz bunun qarşısını çətinliklə ala bildik”.