Yerüstü piyada keçidi 2 giriş-çıxışdan ibarətdir
Bakının Neapol küçəsindəki Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi artıq yekunlaşır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən xəbərə görə, agentliyin sifarişi əsasında hazırlanan və müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76,5 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti isə 5,5 metrdir.
Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və şüşə örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.
Qeyd olunub ki, piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və dövlət standartlarına uyğun olaraq inşa edilib.
Hazırda ərazidə binanın mühəndis şəbəkələri ilə təminatı, abadlaşdırma və yaşıllaşdırma işləri yerinə yetirilir. Yaxın günlərdə yeni yerüstü piyada keçidinin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.