Nə getmək olur, nə qalmaq: mən yaşamaq istəyirəm...

Cəmiyyət

11.05.2022 - 14:40

“Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir”

"Mən bu ölkədə yaşamaq istəyirəm. Mən bu ölkədə ailəmlə təhlükəsiz həyat sürmək istəyirəm. Mən qızımın taleyi ilə bağlı böyük nigaranlıqda qalmaq istəmirəm... Mən ölkənin yaşanmalı yerə çevrilməsini istəyirəm..."

Bu cümlələrin ağrısını oxuduqca bütün ruhumla hiss etdim. Müəllifi, mayın 8-də soyuq silahla hücuma məruz qalmış jurnalist Aytən Məmmədovanın həyat yoldaşıdır. O, həyat yoldaşının – ailəsinin başına gəlmiş bu hadisə barədə yazıb-yazmamaqda tərədüd etdiyini ifadə edərək hadisənin təfərrüatını yazıb. Oxuduqca elə bilirsən, hansısa qorxulu filmə baxırsan. Amma özünün də qeyd etdiyi kimi, bu, qorxulu filmdən bir səhnə deyil, real hadisədir.

Odur ki, düşünürəm...

Yəqin ki, biz bu ölkəni gediləsi yox, qalınası yurda çevirə bilərik. Biz bunu yalnız bütün istəyənlər əl-ələ verəcəyi halda bacararıq. Amma mən özüm də şəxsən, hər gün bir az daha beynimdə, könlümdə bu torpaqlardan gedirəm...

Getməyə nə var?! Dərd odur ki, getmək istəmirsən, amma buna məcbur qalırsan. Daha doğrusu, məcbur edilirsən. Bu, elə bir məcburetmədir ki, bütün mənliyinlə buna and içə bilərsən, amma əlində buna dair heç vaxt yetərli sübutlar olmur və olmayacaq da. Çünki nə qırılmış könlünü, nə incidilmiş qürurunu göstərə, nə də daim qorumağa çalışdığın mənliyinə toxunanları işarələyə, faktları ortalığa çıxara bilirsən.

Bircə onu bilirəm ki, küsüb getməyin nə demək olduğunu qürbətdə torpağa tapşırılmamaq üçün son nəfəsində bütün yaxınlarına, Azərbaycanda yaşayan, o həmişə oralardan əl uzatdığı qohumlarına "Məni burada basdırılmağa qoymayın!" deyən adamlar daha yaxşı bilirlər. Belələrindən soruşsan, mütləq əksəriyyəti "yavan çörək olsun, amma öz torpağın olsun" deyəcək.

Özümə deyənlər də az olmayıb, bundan bilirəm. Bilirəm və bildiyimə görə də yaman qorxuram. Qorxuram ki, bir gün özümün də sonum belə olar – küsüb gedərəm. Öz torpağımdan gedərəm. Daha doğrusu, didərgin düşərəm. Baş götürüb getməyin başqa adı yoxdur, bunu ifadə edən ən gözəl söz elə “didərgin”dir.

Mən axı getmək istəmirəm... İstəmədiyim halda yurdumdan-yuvamdan baş götürüb getmək məcburiyyətində qalıramsa, qovuluramsa, buna başqa nə ad vermək, həmin hissləri necə izhar etmək olar?! Məncə, bir çox hisslər, düşüncələr kimi əslində bunu da ifadə etməkdə sözlər acizdir.

İstəmirəmsə, getməyim?

Bu sətirləri yazarkən oxuyanlardan kimlərinsə "getmək istəmirsən, getmə, səni qovanmı var?", - deyə kinayəli sualını sanki indidən eşidirəm. Nə cavab verim? Mənim sizə cavabım, olsa-olsa, acı susqunluğumu müşayiət edən qırıq təbəssümüm olar. Çünki bu sualı vermək, bu cümləni qurmaq üçün gərək bu məmləkətdə turist olasan.

Bilmirəm, danışdırsam, bəlkə, elin turisti də elə "get, get, qaç buradan, canını qurtar" deyər. Belə deyənini indi tapmağa nə var? Məgər bizim buralara ayaq basar-basmaz aldadılanı, xaotik vəziyyətə mat-mat baxanı az olur?

Özümüzünkülərə qaldıqda isə onları başa düşürəm. Kim deyib, bilmirəm, amma hər gün bir az daha əmin oluram ki, çox düz deyib: "Azərbaycanda pulun varsa, yaşamağa nə var?!" Bəli, bu həqiqəti bilən və daimi icraçısı olan şəxslər üçün buralarda yaşamaq çox rahatdır. Belələrinin çoxunda nə vicdan var, nə daxili ədalət hissi. Bircə nəfsləri var. Haradan, necə olsa, kiminsə haqqına girməkdə ehtiyat etmədən qazanır, yeyir, lazım gələndə daha artıq yeyə bilmək üçün ucundan-qulağından başqalarına da yedirdir və bu cür də yaşamağa davam edirlər.

Nəysə, yazdıqca düşündüm ki, mənim belə ağır, acılı düşünməyimin, bəlkə də, yeri-zamanı deyil. Amma ən azından bunu bilirəm ki, düşünmək üçün o zaman bu gün deyil, dünən deyildi, sabah da olmayacaqsa, bəs nə zaman olacaq?

Odur ki, elə həm yeridir, həm də zamanı. Bir gün "Mən bu ölkədə yaşamaq istəyirəm" , - deyə acı ilə başlayan bir mətnə imza atmaq istəmiriksə, ədalətli cəmiyyət naminə bu gün haqqın yanında durmağı bacarmalıyıq. Çünki Şarl Lui Monteskyönün dediyi kimi: bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir.

Müəllif: Aləmdə Nəsib