Nazir: “110 min tələbənin təqaüdü artırılıb”

Cəmiyyət

27.01.2020 - 12:51

Ceyhun Bayramov: “Tələbələr üçün yataqxanaların sayının artırılması istiqamətində Asiya İnkişaf Banki ilə birgə layihə həyata keçirilir”

 

“Elektron dərsliklərə keçid prosesi davam etdirilir. Artıq 256 sayda elektron dərslik istifadəyə verilib və ötən il bu dərsliklərə 21 milyon baxış olub. Növbəti tədris ilindən məktəbəqədər və birinci siniflər üçün yeni elektron dərsliklərin istifadəsi şagirdlərin işini yüngülləşdirəcək”.

 

AYNA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. 2019-cu ilin yekunları və 2020-ci ildəki planlara həsr olunan tədbirdə çıxış edən nazirin sözlərinə görə, təmayülləşmə proqramına cəlb olunan uşaqların sayı 4500-ə çatıb.

 

“İstedadlı uşaqlarımız 2018-2019-cu illərdə beynəlxalq olimpiadalarda 40 medal qazanıb, 5 fənn üzrə çıxış ediblər. 100 nəfər müsabiqədən kənar, istedadlı şagird kimi məktəbdən kənar qazandığı uğurlara görə ali təhsil müəssisinə birbaşa qəbul olunub. Sosial imtiyazlar proqramına əsasən, 110 min tələbənin təqaüdünün artırılmasına nail olunub”, - Bayramov bildirib.

 

O, qeyd edib ki, tələbələr üçün yataqxanaların sayının artırılması istiqamətində Asiya İnkişaf Banki ilə birgə layihə həyata keçirilir: “Nazirliyin məqsədi tələbələr üçün hər bir şəraitin yaradılması istiqamətində bütün imkanlardan istifadə olunmasıdır”.

Müəllif: Ayna.az