“Namizədlərin əksəriyyəti seçkiyə nə üçün getdiyini bilmir”

Cəmiyyət

21.01.2020 - 18:20

Ekspert: "Elə fikirləşirlər ki, özləri hər şeyi bilirlər, ona görə də təbliğatları, posterləri, sloqanları çox gülməli vəziyyətdədir"

 

Yanvar ayının 17-dən başlayaraq, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təbliğat kampaniyasına start verilib. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən namizədliyi qeydə alınmış şəxslər artıq ciddi cəhdlə təbliğat və təşviqat işlərinə başlayıblar. Ancaq ötən parlament seçkilərindən fərqli olaraq, budəfəki kampaniya daha çox sosial şəbəkələr üzərindən həyata keçirilir. Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmır.

 

PR və kommunikasiya mütəxəssisi Azər Nəzərov AYNA-ya müsahibəsində namizədlərin seçki təbliğatı ilə bağlı suallarımıza aydınlıq gətirib.

 

- Azər bəy, PR mütəxəssisi olaraq, namizədlərin təbliğat-təşviqat kampaniyasını necə qiymətləndirirsiniz?

 

- Təəssüflər olsun ki, namizədlərimiz bəzi hallarda parlament seçkisi ilə prezident seçkilərinin təbliğat formasını qarışdırırlar. Hədəf qruplarını, öz auditoriyalarını düzgün təyin edə bilmirlər. Burada həm sosial şəbəkə məsələsi var, həm də digər məsələlər. Əslində, namizədlər PR strategiyalarını namizədlikləri qeydə alınmamışdan öncə hazırlamalıydılar. Müəyyən etməliydilər ki, hansı yolla gedəcəklər, nə kimi hədəfləri var, hansı strategiyada işləyəcəklər. Bu kommunikasiya strategiyası qurulanda ən vacib şərt hədəf qrupunun kimlərdən ibarət olmasıdır. Hədəf qurupu deyəndə, yaş kateqoriyasından, coğrafi ərazidən tutmuş, iş yerlərinə qədər bütün siniflər müəyyən olunmalıdır və strategiya buna uyğun hazırlanmalıdır.

Картинки по запросу PR və kommunikasiya mütəxəssisi Azər Nəzərov

- Sosial şəbəkələrdə aparılan təbliğat nə dərəcədə effektiv ola bilər?

 

- İndiki namizədlərin bir çoxunun PR strategiyası yoxdur, sanki onlara kimsə deyib ki, “sizin sosial şəbəkələrdə hesablarınız olsun, hamı görsün ki, çoxlu paylaşımlar edirsiniz, posterlərinizi yerləşdirirsiniz”. Ona görə mənim özümə də müraciət edən namizədlər daha çox gücü sosial şəbəkə üzərindən təbliğata vermək istəyirlər. Amma qəbul etmək lazımdır ki, məsələn, Kürdəmir rayonundan deputatlığa namizəd olan bir şəxsin auditoriyasının çox cüzi hissəsi, yəni 1-2%-i ancaq sosial şəbəkədən olacaq. Auditoriyasının 90%-dən çoxu isə heç onlayn şəbəkə istifadəçisi deyil. Düzgün strategiya qurulanda belə, sosial şəbəkədə təbliğat və sorğular ancaq müəyyən qrup insan arasında müsbət fikir formalaşdıra bilər.

 

- Bəs, yaxşı, əslində təbliğat kampaniyası necə aparılmalıdır, yəni hansısa standart forma varmı?

 

- Standartda belə olmalıdır ki, auditoriya müəyyən olunandan sonra öyrənilməlidir ki, həmin auditoriya üzrə hansı PR alətləri işlənilməlidir: onlayn, yoxsa oflayn. Məsələn, ola bilər ki, Səbail rayonu ərazisində daha çox onlayn olsun, Ucar rayonunda isə daha çox oflayn. Bu faiz nisbəti öncədən hesablanmalıdır.

 

- Dünya praktikasında bu işlər necə həyata keçirilir?

 

- Bizə yaxın olan Türkiyəni götürək, bələdiyyə seçkiləri keçirilən zaman mən orada bir araşdırma aparmışdım. Türkiyədə namizədlər öz PR strategiyalarını qurmamışdan öncə sosioloji araşdırmalar aparan şirkətlərlə işləməyə başlayırlar, auditoriyalarının maraqlarını öyrənirlər. Yəni əllərində elmi bir əsas olur və bunun üzərindən də onlara necə xitab edəcəklərini öyrənirlər. Strategiya da bundan sonra işləməyə başlayır. Təbii ki, burada faiz nisbətinə görə təbliğat həm onlayn olur, həm də oflayn.

 

Təəssüflər olsun ki, bizdə belələri varsa da, ancaq 1-2 nəfərdir, digərlərinin heç birində əvvəldən aparılmış hər hansı sosioloji araşdırmaya əsaslanan strategiya yoxdur. Əksəriyyəti onlayn media üzərindən strategiya qurub və yaxşı da reklam qoyub. Həmçinin, xaricdə namizədlər bir neçə konsultant şirkəti ilə işləyirlər, seçki strategiyasını bir şirkət qurur, foto-vizual işlərini başqa bir şirkət həyata keçirir, imicmeyker ayrı olur, geyimini, danışığını və s. müəyyənləşdirir. Maddi vəziyyəti aşağı olan namizədlər isə, ən azı bir konsultantla işləyirlər.

Rumiyyə Miraslan