Münaqişə dondurulur: “Atəşkəs müharibənin bitməsi demək deyil”

Aktual

14.03.2025 - 10:16

Həkimlər Klinikalar SEO Xidməti

Sabiq nazir: “Danışıqlarda həm Rusiyanın, həm də Ukraynanın nəyəsə nail olacağına ümid azdır”

Ukrayna ilə Rusiya arasında atəşkəsin imzalanması gözlənilir. Martın 12-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlarda Kiyev Vaşinqtonun 30 gün müddətinə dərhal müvəqqəti atəşkəs təklifini qəbul edib. Ukrayna Prezidentinin dəftərxanasının danışıqların yekunu üzrə dərc etdiyi məlumatda deyilir ki, atəşkəsin həyata keçirilməsi üçün Rusiyanın razılığı tələb olunur.

“Ukrayna ABŞ-ın tərəflərin qarşılıqlı razılığı ilə uzadılması imkanı ilə 30 günlük atəşkəs tətbiq etmək təklifini Rusiyanın da bu şərtlərlə razılaşması və yerinə yetirməsi şərti ilə qəbul etməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar Rusiyaya çatdıracaq ki, bu, onun tərəfində qarşılıqlılıq sülhə nail olmaq üçün açardır”, - bəyanatda deyilir.

Ağ Evin sözçüsü Karolayn Levitt öz növbəsində qeyd edib ki, iki ölkə nümayəndə heyətləri arasında görüş məhsuldar keçib və Amerika tərəfi "müsbət xəbərlər" alıb: “Bu görüşlə bağlı aldığımız və Prezidentə verilən xəbər müsbətdir”.

Rusiya tərəfinin rəsmi şəkildə atəşkəsə razı olub-olmadığı bəyan edilməyib. Moskva hələ ki, məsələdə susqunluğunu qoruyur. Qeyri-rəsmi məlumatlara görə isə Rusiya atəşkəsə “yox” deyir. Lakin bunu rəsmi şəkildə bəyan etmək istəmir. O zaman Rusiya sülhü istəməyən tərəf kimi görünəcək ki, bu, ABŞ-ın əlavə addımlar atması ilə nəticələnə bilər.

Proseslə bağlı AYNA.AZ-ın suallarını cavablandıran sabiq xarici işlər nazitri, diplomat Tofiq Zülfüqarov deyib ki, müharibə başlayandan təxminən 2-3 ay sonra har kəsə bəlli oldu ki, hərbi üsulla nə Rusiya hədəflərinə çata bilir, nə də Ukrayna:

- Kim haqlıdır, kim haqsızdır, bu məsələni bir kənara qoyub soyuq başla yanaşmaq lazımdır. Əlbəttə, Rusiya işğalçıdır, Ukrayna işğala məruz qalan. Siyasətdə müxtəlif üsullar var ki, bunlardan biri də hərbi əməliyyatdır. Bəlli idi ki, bu üsul tərəflərin heç birini qələbəyə gətirməyəcək. Müharibənin qaynar fazası başlayandan təxminən bir ay sonra İstanbulda danışıqlar oldu. Həmin müzakirələrdə atəşkəsə nail olmaq imkanları var idi. Təəssüf ki, Ukrayna bununla razılaşmadı. Bundan keçən üç ildən çox müddətdə yüz minlərlə itki oldu, şəhərlər dağıldı, böyük xaos yarandı. Amma müharibənin ilk aylarında atəşkəs olsaydı, heç olmasa, vəziyyəti dondurmaq olardı. Davam edən hərbi əməliyyatlar həm Ukraynaya, həm də Rusiyaya böyük problemlər yaratdı. Bəli, birmənalı şəkildə deməliyik ki, Rusiya işğalçıdır. Ukraynanın məqsədi isə ərazi bütövlüyünü bərpa etməkdir. Bizim siyasi və insani mövqeyimiz Ukraynadan yanadır. Amma şərh edərkən, faktorlar nəzərə alınmalıdır. Bu faktorlar nəzərə alsaq, gərək müharibənin ilk aylarında, İstanbuldakı danışıqlarda atəşkəsə tərəflər razılaşardılar. Bu qədər itki, dağıntı da baş verməzdi.

Hesab edirəm ki, indi əsas problem həm Rusiyanın, həm də Ukraynanın siyasi elitası üçün yaranacaq. Hər ölkənin öz cəmiyyəti istər-istəməz sual verəcək: biz üç ildə nə etdik, nəyə nail olduq? Bilirsiniz, bu vəziyyətdə qalib yoxdur, uduzanlar var. Əminəm ki, bu məsələlər hər iki ölkədə ciddi siyasi böhranlara gətirəcək.  

- Atəşkəsdən sonrakı danışıqlar sülhün yaranmasına gətirib çıxaracaqmı?

- Atəşkəs sadəcə münaqişəni donduracaq. Bundan sonra tərəflər siyasi yolla məqsədlərinə nail olmaq üçün danışıqlarda iştirak etməlidirlər. Təbii ki, danışıqlarda həm Rusiyanın, həm də Ukraynanın nəyəsə nail olacağına ümid azdır. Çünki indi siyasi mühit elədir ki, tərəflərin bir-birinin mövqeyinə yaxınlığı belə yoxdur. Rusiya işğal olunmuş əraziləri beynəlxalq ictimaiyyətə və Ukraynaya qəbul etdirmək, tanıtdırmaq istəyir. Bu isə mümkün deyil. Rusiyanın işğalını nə dünya ictimaiyyəti, nə də Kiyev qəbul edəcək. Ukraynanın isə əsas məqsədi odur ki, ərazi bütövlüyünü tam bərpa etsin. Kiyev danışıqlar masasında bu məsələni hər zaman gündəmdə saxlayacaq. Ukraynanın istəklərinin yerinə yetəcəyi də inandırıcı deyil. Buna Ukraynanın özü belə yəqin ki, inanmır. Ona görə də, atəşkəsdən sonrakı danışıqların yükun sülhə gətirib çıxaracağı ehtimalı çox azdır.

- Atəşkəs təklifinə Rusiyadan rəsmi şəkildə nə “hə” deyilib, nə də ki, “yox”. Qeyri-rəsmi məlumatlara görə, Rusiya atəşkəslə razı deyil. Sizin proqnozunuz nədir?

- Əslində Rusiya bu məsələdə ciddi şəkildə məğlub olub. Çünki atəşkəs olsa da, münaqişə bitmir. Ukrayna istəklərindən rəsmi şəkildə geri çəkilməyəcək. Bəzən belə fikirlər səsləndirilir ki, atəşkəsdən sonra Ukraynada seçki keçiriləcək, Zelenski hakimiyyətdən gedəcək və hakimiyyətə Rusiya ilə danışığa gedə bilən, Rusiya ilə razılaşa bilən şəxs hakimiyyətə gələcək. Amma yanlış yanaşmadır. Lap Zelenski getsə və Ukraynada hakimiyyətə kim gəlirsə-gəlsin, danışıqlarda ərazi bütövlüyü məsələsini qaldıracaq. Gürcüstan nümunəsinə baxaq. 2008-ci ildə gürcüstan əraziləri işğal olundu. Bundan sonra Gürcüstanda yeni qüvvələr hakimiyyətə gəldi., lakin indiyədək Gürcüstanın rəsmi mövqeyi ondan ibarətdir ki, ərazilər Rusiya tərəfindən işğal olunub, qaytarılmalıdır. Həmin vəziyyət Ukrayna-Rusiya arasında yaşanacaq. Ukraynanın hərbi, siyasi, iqtisadi siyasətinin əsas prioriteti ərazilərin işğaldan azad edilməsinə yönələcək. Eyni prioritet Rusiya üçün də keçərlidir. Çünki indi Rusiyanın qatrşısında milyona yaxın ukraynalı silahlanıb. Atəşkəs olsa da, gələcəkdə Ukrayna ordusunun hərbi baxımdan imkanları daha da artacaq. Dediyim kimi, Ukrayna dövlətinin əsas prioriteti ordunu gücləndirmək olacaq. Çünki işğalda ərazisi var və onu azad etmək yolları axtarılacaq. Rusiya isə buna qarşı hazırlıq görəcək ki, bu da Rusiyanı yoracaq, gücündən azaldacaq.

Ona görə də, ola bilsin ki, Rusiya atəşkəslə razı deyil. Moskva indiki məqamda öz şərtləri ilə sülh imzalanmasına çalışır. Amma buna Ukrayna razı deyil. İnanmıram ki, Rusiya tərəfi Vaşinqtonun atəşkəs təklifinə “yox” desin. Çünki atəşkəsdən imtina ABŞ-ı qıcıqlandıracaq. Sanksiyalar daha da şiddətlənər ki, bu da Moskvaya sərfəli deyil.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş