Moskvanın şantajı bitmir: Azərbaycan da ayıq-sayıq olmalıdır

İqtisadiyyat

30.04.2022 - 10:18

Natiq Cəfərli: “Rusiya dünya boyu təzyiq mexanizmlərini işə salacaq və ən çox diqqəti postsovet məkanına yönəldəcək”

Nazim Bəydəmirli: “İmkan vermək olmaz ki, bataqlıqda olan Rusiya Azərbaycanı da arxasınca çəksin”

Rusiyanın “Qazprom” şirkəti Bolqarıstan və Polşaya qaz tədarükünü tam dayandırdığını elan edib. Şirkətdən bildirilib ki, buna səbəb qazın pulunun rublla ödənilməsindən imtina edilməsidir: “Qaz tədarükü aprelin 27-dən başlayaraq, ödəniş müəyyən olunmuş qaydaya müvafiq surətdə həyata keçirilən vaxtadək dayandırılıb və bu barədə hər iki ölkəyə qabaqcadan bildiriş göndərilib. Bolqarıstan və Polşa tranzit dövlətlərdir. Əgər onlar üçüncü ölkələr üçün nəzərdə tutulmuş həcmdən qeyri-qanuni qaz götürməyə başlasalar, yanacaq tranziti həmin miqdarda ixtisar olunacaq”.

Qeyri-rəsmi məlumatlara görə, Rusiyanın bu iki Avropa dövlətinə qaz ixracını dayandırması onların Rusiyaya qarşı sanksiyalara qoşulması ilə bağlıdır, vəsaitin rus rublu ilə ödənilməsi ilə bağlı tələb isə əslində bir bəhanədir.

İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya açıqlamasında deyib ki, Rusiyanın harada imkanı çatacaqsa, rəqib dövlətlərə mane olmağa çalışacaq: “Bu, əslində gözlənilən bir məsələdir. Polşa və Bolqarıstanın hədəf olaraq seçillməsinin isə məntiqi əsası yoxdur. Çünki hazırda Rusiyadan ən çox qaz idxal edən ölkə Almaniyadır. Eyni zamanda Ukraynaya ən çox dəstək verən ölkələrdən biri də Almaniyadır. Əgər sanksiyalar tətbiq etmək zərurəti var idisə, Moskva ilk növbədə bunu Almaniyaya qarşı etməli idi. Rusiyadan Almaniyaya hər il 55 milyard kubmetr qaz idxal olunur. Yəni, burada məntiq axtarmaq çətindir”.

“Həm Bolqarıstan, həm də Polşa Rusiyadan qaz idxalını əhəmiyyətli dərəcədə azaldıb. Bolqarıstan daha çox Azərbaycandan qaz idxal etməyə başlayıb, Polşa isə sıxılmış qaz limanları inşa edir. Arıtq iki liman inşa edilib və Amerikadan ən çox təbii qaz alan Avropa ölkəsidir. Rusiyadan asılılığı az olduğu üçün Moskva bu iki Avropa ölkəsinə qarşı rahat davrana bilir, böyük və asılı olduğu dövlətlərə qarşı isə analoji addımlar atmaqdan çəkinir”, - deyə həmsöhbətimiz bildirib.

O, başqa bir məqama da diqqət çəkib: “Heç bir Avropa ölkəsi ikili hesab açmaq istəmir. Əslində “rublla ödəniş” deyilən anlayış mövcud deyil. Sadəcə “Qazprom”un bankında hesab açılır, bu bank vəsaiti rus rubluna konvertasiya edərək hökumətin büdcəsinə köçürür”.

Mütəxəssis hesab edir ki, Rusiyanın Avropaya qaz satışına görə Azərbaycana da təzyiqləri gözlənilir: “Haraya imkanı, gücü və əli çatırsa, Rusiya həmin ölkələrə qarşı təzyiqləri artıracaq. Bu, bəlli bir həqiqətdir. Ona görə ki, Rusiyaya qarşı koalisiya güclənib və getdikcə əhatə dairəsi genişlənir. Təsəvvür edin ki, Rusiyanın ən çox güvəndiyi ölkə Hindistan idi. Hindistan, eləcə də Çin Rusiyaya qarşı sanksiyalara qoşulmağa başlayıb. Belə bir şəraitdə Rusiya təklənmiş duruma düşüb. Əlbəttə, o da istəyir ki, öz ətrafında koalisiya yaratsın. Lakin heç bir ölkə bu gün onunla əməkdaşlıqda maraqlı deyil və hamı Rusiya ilə məsafəli dayanmağa çalışır. O cümlədən də Azərbaycan”.

“Bu baxımdan Rusiya dünya boyunca təzyiq mexanizmlərini işə salacaq və ən çox diqqəti postsovet məkanına yönəldəcək. Lakin onun nəticə əldə edəcəyi, təzyiqlərinin effektiv olacağı barədə qəti mülahizə yürütmək çətindir. Bu, hadisələrin gedişatından asılı olacaq. Mövcud şəraitdə Moskvanın təsir imkanları zəifdir və belə davam edəcəksə, təzyiq siyasəti də nəticəsiz qalacaq”, - deyə Cəfərli vurğulayıb.

Milli Məclisin keçmiş üzvü, iqtisadçı alim Nazim Bəydəmirli də AYNA-ya şərhində Rusiyanın uzun müddətdir təbii qazdan təzyiq vasitəsi kimi istifadə etdiyini söyləyib: “Avropa dövlətlərini onillərdir həm təbii qazın qiymətləri, həm də tranzitlə bağlı təhdid edir. Bunun da əsas səbəbi odur ki, Rusiya hökuməti imzaladığı heç bir müqaviləyə hörmət etmir. İstənilən anlaşmadan öz imperalist məqsədləri naminə geri çəkilə bilir. Əslində, bu gün ona qarşı sanksiyaların əsas səbəblərindən biri də budur. Görünən odur ki, Qərb də artıq Rusiyanın özbaşınalıqlarına göz yummaq niyyətində deyil. Təbii ki, Kremlə qarşı təzyiqlər davam edəcək. Bu təzyiqlər artdıqca, Moskva da təxribatçı hərəkətlərini davam etdirəcək. Bəzi dövlətləri təbii qazla, bəzilərini müharibə, bütün dünyanı isə atom silahı ilə hədələyəcək”.

“Lakin bu gün onun özü elə bir vəziyyətdədir ki, Qərbə qarşı təzyiq alətləri mövcud deyil. Digər yandan Ukraynaya təcavüzü zamanı ağır itkilərə məruz qalıb. Habelə çoxvektorlu embarqolar şimal qonşumuzun gələcəyini təhlükə altına atır. Bu mənada Rusiya hökumətinin, eləcə də Prezident Putinin sonu yaxşı görünmür”, - deyə müsahibimiz bildirib.

Bəydəmirli əlavə edib ki, Rusiya Azərbaycana hər zaman təzyiq edib və bundan sonra da edəcək: “Təbii ki, Azərbaycanın öz təbii qazını Avropaya nəql etməsi Moskvanın marağına uyğun deyil. Rusiya mütəmadi olaraq Azərbaycanın beynəlxalq iqtisadi layihələrini anti-reklam edib və bununla öz əhəmiyyətini artırmağa çalışıb. Ticarət savaşından vaxtaşırı olaraq həm Azərbaycana, həm də Türkmənistana qarşı istifadə edib. Bu təzyiqlər təkcə iqtisadi yox, bütün istiqamətlər üzrə davam edib. Təbii ki, Rusiya şantajçı bir dövlətdir və istənilən təxribata hazır olmalıyıq. İmkan verməz olmaz ki, bataqlıqda olan Rusiya Azərbaycanı da öz arxasınca çəksin”.

Müəllif: Azər Niftiyev

Ramanada faciə

Dünən, 17:26 Hadisə