Milli Məclisdə “dördüncü respublika” ifadəsi etiraz yaratdı: “Bu, ziyanlı termindir”

Aktual

20.10.2023 - 14:03

Milli Məclisdə beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli qətnamələrinə etiraz: Ermənistan və havadarlarına mesaj verildi

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası başlayıb. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Əvvəlcə deputatlar təkliflərini səsləndiriblər. Deputat Zahid Oruc bildirib ki, 1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin üçdə biri  Azərbaycanın nəzarətində olmayıb: “Vətən müharibəsində qazanılan zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan yeni müstəqillik günü bəxş edib. Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü respublikanın qələbə tarixini milli “Müstəqillik gün”ü kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik. Artıq ikinci erməni "dövləti" məhv edilib. 8 noyabr dünya erməniçiliyi üçün matəm günüdür və onlar 90-cı illərin Azərbaycanı kimi 13 sentyabr Qaragöl, 12 dekabr Xankəndi-Laçın yolu, 23 apreli Laçın sərhəd məntəqəsi, 28 mart Fərrux yüksəkliyi və nəhayət, 20 sentyabr Xankəndinin itirilməsini faciə təqviminə çeviriblər. Əlbəttə, bir millət 90-cı ilin qələbəsini deyil, soyqırımı həyat amalına çevirmişdisə, sonu belə də olmalıydı. 1-ci Qarabağ savaşından sonra Ermənistanın milli qəhrəmanı olanlar 44 günlük müharibədən sonra titullarını itiriblər. İndi 200 il bir əsatirə çəkilən xərcin əvəzini kim ödəyəcək? Yerə salınan bayraq və gerbi haradan asacaqlar?”.

“30 ilin “dağ ordusu” silahı təhvil verib mülki geyimdə Azərbaycanı tərk edib”

“30 ilin “dağ ordusu” silahı təhvil verib mülki geyimdə Azərbaycanı tərk edib. Bir nəfər belə hərbi mundiri ilə sərhəd məntəqəsində həbs olunub öz xalqının qəhrəmanına çevrilməyib. Nə 44 gündə, nə də 20 sentyabrda bir qəhrəmanlıq səhnəsi yoxdur ki, onun üzərində Azərbaycanın Horadiz əməliyyatına bənzər uğur hekayəsi qursunlar.n Göründüyü kimi, qələbəmiz Almaniyanın birləşməsindən də əzəmətli hadisədir. SSRİ-nin dağılması ilə öz bütövlüyünə qovuşan bir millətdən fərqli olaraq, Azərbaycan xalqı torpaqlarını vuruşaraq geri qaytarıb. Ona görə də İlham Əliyev Şuşa və Xankəndini siyasi paytaxta çevirir, dövlət rəhbərlərini azad torpaqlarda qəbul edir və regionun gələcəyini yeni zirvələrdən verir”, - deyə millət vəkili əlavə edib.

Z.Oruc vurğulayıb ki, Yaxın Şərqdə coğrafiyası genişlənən müharibə sübut edir ki, Ermənistanla “sülh müqaviləsi” bağlasaq da sümürgən Qərb imperializmi bizdən əl çəkməyəcək: “Niderland, İspaniya, Avstriyanın qərarı sübutdur”.

“Ölkəmizə qarşı qərarı qəbul edənlərdən soruşmaq lazımdır ki...”

Deputat Musa Qasımlı deyib ki, hansı bir ölkədə əleyhimizə qarşı qətnamə qəbul edilirsə, bu, o deməkdir ki, Azərbaycan həmin ölkələrin də üzərində qələbə qazanıb: “Ölkəmizə qarşı qərarı qəbul edənlərdən soruşmaq lazımdır ki, azərbaycanlılar 30 il əvvəl həmin ərazilərdən qaçqın düşərkən harda idilər? Həmin vaxt bizim qaçqınlara bir sent də yardım ayırmayıblar. İndi isə ermənilərə qucaq açırlar, maliyyə yardımları edirlər”.

“Digər tərəfdən diqqət edəcəyimiz məqam bundan sonra bizim görəcəyimiz işlərdir. Belə ki, bundan sonra bir çox ölkələrdə Azərbaycana qarşı sərt çıxışlar, bəyanatlar oalcaq. Biz buna hazır olmalıyıq. Azərbaycan diasporu, QHT-lər bu mövzuda daha da fəal olmalıdır”, - millət vəkili əlavə edib.

“İlham Əliyev zəfərləri ilə, Ermənistanı, onun havadarlarını, Xankəndi təlxəkləri kimi mənəvi və siyasi cəhətdən bitmiş bu ünsürləri də yerlə yeksan etdi”

Deputat Bəhruz Məhərrəmov qeyd edib ki, Avropanın regional mexanizmlərinə münasibətdə Azərbaycan həmişə vicdanlı davranıb: “Azərbaycanın 20 faiz ərazisi Avropa Şurasının üzvü tərəfindən işğalda saxlanılıb. Amma təsisatın məhz hüquq adına effektiv reaksiyasını görməmişik. Avropa İttifaqının bir sıra üzvləri və Avroparlamentin timsalında təsisatları isə açıq formada erməni təcavüzü və separatizminə dəstək veriblər. Azərbaycan özünümüdafiə hüququnu həyata keçirib işğal və separatizmə son qoymaqla beynəlxalq hüququn aliliyini təmin edib, amma bizim BMT Nizamnaməsi ilə təsbit olunmuş haqlarımızı mübahisələndirməyə çalışır, ermənilərin qayıdış hüququndan bəhs edən saxtakar bəyanatlar tirajlayırlar”.

“Bizim hədəfimizdə erməni yox, işğal, separatizm və terror olub və ermənilər məhz Ermənistanın və havadarlarının təhriki ilə Qarabağdan köçüb. Onlarla ləyaqətə davranılıb, rahat gedişləri təmin olunub və proses də vizual formada sənədləşdirilib. Prezident İlham Əliyev isə ardıcıl zəfərləri ilə, Ermənistanı, onun havadarlarını, o cümlədən Xankəndi təlxəkləri kimi mənəvi və siyasi cəhətdən bitmiş bu ünsürləri də yerlə yeksan etdi”, - Məhərrəmov vurğulayıb.

Deputat: “Heç arzu da etmirəm ki, dördüncü respublikamız olsun”

Deputat Siyavuş Novruzov isə çıxışında həmkarı Zahid Orucun fikirlərinə etiraz edib. Millət vəkili qeyd edib ki, həmkarının “dördüncü respublika” ifadəsi yanlışdır: “Dövlətçilik üçün vacib bir məqama nəzər yetirmək istəyirəm. Hörmətli Zahid bəy bir neçə dəfə “dördüncü respublika” ifadəsini səsləndirib. Maraqlıdır, bizim nə zaman “dördüncü respublikamız” olub? Hesab edirəm ki, bu, ziyanlı termindir”.

“Burada tarixçilərimiz var, izah etsinlər ki, belə bir şey varmı? “Dördüncü respublika” nə zaman qurulub, bunu görən olub? Mən şəxsən görməmişəm. İndi izah etsinlər ki, görək “dördüncü respublika” nədir? Bizim üç respublikamız olub, digəri hansıdır, hardadır? Heç arzu da etmirəm ki, dördüncü respublikamız olsun”,- Novzurov etirazını bildirib.

“Fransa düşünür ki, əgər Cənubi Qafqazda  yenidən qan tökməyə nail olsa, Ermənistanın yeni xilaskarı kimi bölgəyə daxil ola və möhkəmlənə bilər”

Deputat Azay Quliyev isə vurğulayıb ki, Fransa Brüssel sülh danışıqlarının qarşısını almağa çalışır. Onun sözlərinə görə, Avropa Şurasının Nazirlər Komitəsinin  oktyabrın 18-də Strasburqda keçirilən iclasında  Avropa İttifaqının nümayəndə heyəti Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı bəyanatla çıxış edib: “Bu bəyanatın tonundan və məzmunundakı bəzi qıcıqlandıqıcı məqamlardan aydın olur ki, bu kağız parçası yenə də Fransanın təkidi ilə qəbul edilib. Çünki burada nə Azərbaycanın anti-terror tədbirləri və bu tədbirlərin həyata keçirilməsini zəruri edən amillər, nə də Qarabağ erməniləri ilə bağlı ölkəmizin bugünə kimi atdığı müsbət addımlar və reinteqrasiya səyləri haqqında heç nə yoxdu. Əksinə, bəyanatda yenə də “Dağlıq Qarabağ” və “blokada” kimi əsassız və artıq ikrah hissi doğuran  ifadələrə yer verilib”.

“Sual olunur, niyə Fransa oktyabrın sonunda Azərbaycan və Ermənistan liderləri arasında sülh sazişinin imzalanması ilə bağlı Brüsseldə keçirilməsi nəzərdə tutulan danışıqlar ərəfəsində bu cür pozucu, qıcıqlandırıcı və təxribat xarakterli fəaliyyətini daha da artırır?  Bu azmış kimi, oktyabrın 19-da Fransanın İrəvandakı  səfiri sərhədə gəlib heç bir əsas olmadan Azərbaycanı Ermənistanın ərazisini işğal etməkdə ittiham edir. Fransanın məqsədi aydındır:  hər vəchlə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının qarşısını almaq, mümkün danışıqlar platformalarını təhlükəyə atmaq və nəhayətdə, bölgədə yenidən gərginlik və hərbi qarşıdurma yaratmaqdan ibarətdir: “Afrikadan qovulan Fransa düşünür ki, əgər Cənubi Qafqazda  yenidən qan tökməyə nail olsa, Ermənistanın yeni xilaskarı kimi bölgəyə daxil ola və möhkəmlənə bilər. Məhz, Fransanın bu cür pozucu fəaliyyəti nəticəsində oktyabrın 5-də Qranada da nəzərdə tutulan sülh danışıqları pozulmuşdur. İndi, Fransa yenə də çalışır ki, bu cür təhrikedici bəyanatlarla Azərbaycanı təxribata çəksin və Brüssel  sülh danışıqlarını pozsun. Əgər, bu baş tutarsa, Fransa özünün məkrli planının ikinci hissəsini həyata keçirməyə, yəni, Azərbaycanı sülh danışıqlarını pozan ölkə kimi qələmə verməyə və BMT TŞ-da ölkəmizin əleyhinə hər hansı bir qərar və ya  qətnamə qəbul edilməsinə cəhd edəcək”.

“Oktyabrın 23-də Lüksemburqda keçiriləcək Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə Ermənistan və Azərbaycanla bağlı məsələnin daxil edilməsi də bu məqsədə xidmət edir və istisna deyil ki, müzakirələrin yekununa həsr olunan açıqlamada Azərbaycana qarşı yenə də təhrikedici fikirlər əks olunsun. Ancaq düşünürəm ki,  Fransanın niyyətini hamı başa düşür, hətta bu, pozucu fəailiyyətin ilk növbədə Ermənistanın maraqlarına zərbə vurduğunu İrəvanda da anlamamış deyillər. Belə ki, bu gün sülh sazişinin imzalanması Azərbaycandan daha çox Ermənistana lazımdır. Əlbəttə, şübhə etmirəm ki, cənab Prezident və Azərbaycan diplomatiyası yenə də Fransanın bu çirkin planlarının qarşısını alacaq və Brüssel təxribatının baş tutmasına imkan verilməyəcək”, - deyə millət vəkili fikrini tamamlayıb.

Deputatların çıxışlarından sonra gündəlikdə dayanan məsələlərin müzakirəsinə başlanılıb.

Müəllif: Anar Bayramoğlu