Milli Məclisdə ABŞ tənqid atəşinə tutuldu - “Bayden bu sənədi imzalasa...”

Aktual

21.11.2023 - 13:52

Parlamentdə Senatın Azərbaycana qarşı aktı pislənildi: deputatlar bəyanat qəbul etdilər

Milli Məclisin bu gün başlayan və iki gün davam edəcək iclasında 2024-cü il üçün büdcə zərfi də daxil olmaqla, 20 məsələ müzakirəyə çıxarılıb. İclasın gündəliyinə çıxarılan məsələlərdən biri də Azərbaycan Milli Məclisinin ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanatın qəbul edilməsi olub. Bəyanatın hazırlanması üçün parlament komissiyası yaradılıb. Komissiyanın sədri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin rəhbəri Ziyafət Əsgərov, üzvləri isə deputatlar - Səməd Seyidov, Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Tamam Cəfərova, Kamilə Əliyeva seçiliblər.

Spiker: “Azərbaycanın gündəliyi münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasıdır”

Əvvəlcə Milli Məclis üzvləri tərəfindən ABŞ Senatının qərarı sərt tənqid edilib. Spiker Sahibə Qafarova xatırladıb ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib, lakin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan, təəssüf ki, bu üç il ərzində siyasi və hərbi təxribatlarla məşğul olub: “Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmadı, əksinə, həmin ərazilərə silah, sursat və hərbi qulluqçuların daşınmasını davam etdirdi. Ermənistan işğal dövründə basdırdığı və sayı milyondan çox olan minalarla yanaşı, işğaldan azad edilmiş əraziləri də minalamaqda davam etdirdi. Eyni zamanda, Ermənistan rəhbərliyinin ərazilərimizdəki qanunsuz marionet strukturuna “təbrik mesajları” və bu qeyri-qanuni qurumun qondarma “prezident seçkiləri” Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə aşkar şəkildə pozulması idi”.

“2023-cü il sentyabrın 19-da isə Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş torpaqlarımızda qəsdən yerləşdirdiyi minaların partlaması nəticəsində 6 mülki şəxs və polis əməkdaşı həlak oldu. Bundan sonra – sentyabrın 19-20-də lokal antiterror tədbirləri həyata keçirildi və bu, Azərbaycanın öz Konstitusiya quruluşunu bərpa etmək və qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədi daşıyırdı. 23 saat ərzində həyata keçirilən bu antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tam tərksilah edildi, Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimə son qoyaraq, beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini tam bərpa etdi. Xüsusilə, vurğulamaq lazımdır ki, antiterror tədbirləri zamanı Azərbaycan beynəlxalq humanitar hüquqa tam uyğun hərəkət edib. Bu gün isə Azərbaycanın gündəliyi münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasıdır. Təəssüf ki, Ermənistan sülh naminə çalışmaq əvəzinə hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Azərbaycana qarşı kampaniyada bütün imkan və platformalardan istifadə etməkdə davam edir. Çox təəssüf ki, son dövrlərdə bu məsələ ilə əlaqədar Azərbaycana qarşı bir sıra qeyri-obyektiv və ədalətsiz qətnamələr qəbul edilib”, - deyə spiker əlavə edib. 

S.Qafarova qeyd edib ki, noyabrın 15-də ABŞ Senatı tərəfindən qəbul edilən “2023-cü il erməniləri müdafiə aktı” adlı sənəd qərəzlidir: “Elə həmin gün Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində məlum dinləmələr də keçirilib. Senatın aktında bölgədən könüllü getmiş erməni sakinlərin zorla köçürüldüyü iddia edilir. Bu, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların rəylərinə tamamilə ziddir”.

Komitə sədri: “Şuşa Bəyannaməsi Qərb dairələrinin yuxusuna haram qatdı”

Komitə sədri Ziyafət Əsgərov çıxışı zamanı ABŞ Senatının beynəlxalq hüquqa hörmətsizlik etdiyini bildirib: “ABŞ hər zaman bildirir ki, Azərbaycan strateji tərəfdaşıdır. Sual olunur: strateji tərəfdaşa qarşı belə davranırlar? Azərbaycan öz ərazilərini işğaldan azad edib, beynəlxalq hüququ bərpa edib. Bu 30 il ərzində Qərb dövlətlərindən biri də Ermənistana qarşı çıxmayıb, sanksiya qəbul etməyib. Amma biz görürük ki, indi biz torpaqlarımızı azad etdiyimizə görə, təyziqlər edirlər. Burada hansı beynəlxalq hüquqdan söhbət gedə bilər? Qərb dövlətləri indi niyə Azərbaycana qarşı çıxırlar? Çünki “sən müsəlman dövlətisən, Türkiyə ilə Şuşa Bəyannaməsi imzalamısan” prinsipi işə düşüb”.

“Şuşa Bəyannaməsi imzalandıqdan sonra Qərb dairələrinin yuxusuna haram qatıldı. İlk olaraq Fransa tərəfi buna qarşı çıxdı. Sonradan məlum oldu ki, bu sifariş Vaşinqtondan verilib. Məlumdur ki, ABŞ ortada görünməməl üçün Fransanı qabağa verib. Hesab edirəm ki, ABŞ-ın siyasəti qərəzlidir və beynəlxalq hüquqa ziddir”, - Əsgərov vurğulayıb.

“...Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərbə dəyəcək”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, bu siyasəti ilə ABŞ özü-özünü bölgədən təcrid edəcək. Millət vəkilinin sözlərinə görə, hazırda Azərbaycana qarşı iki cəbhədə müharibə aparılır: “Cəbhələrdən biri birbaşa təcavüzlə məşğul olan cinayətkarlardır, hansı ki, biz onlara biz qalib gəldik. İkinci cəbhədə bizim gələcək baxışlarımıza təcavüz edilir. 1992-ci ildə 907-ci düzəlişin qəbulu da bu qəbildəndir. Təəssüf ki, Qərb Azərbaycan həqiqətlərini görmək istəmədi, işğala məruz qalan Azərbaycan təzyiqlərə məruz qalırdı, işğalçı Ermənistan isə heç bir təzyiqə məruz qalmırdı”.

“ABŞ üçün “qırmızı xətt” Azərbaycanın tam şəkildə öz ərazisinə nəzarət etməsi idi. ABŞ Senatında S-3000 adı altında bir akt qəbul olunub, çünki faktiki Ermənistanın müdafiəsi aktı öz içərisində Azərbaycanı sanksiyalar altına almağı əks etdirir. Ermənistanın müdafiəsi Azərbaycanı sanksiyalar altına almaqdan keçirmiş. Bu, gülməlidir. Faktiki bu, ikili standartları yenidən tətbiq etmək deməkdir”, Seyidov vurğulayıb.

Deputat qeyd edib ki, Senatda qəbul edilən bu sənəd Nümayəndələr Palatasında da qəbul edilməli, sonda Bayden bu sənədi təsdiq etməlidir: “Əgər Bayden bu sənədi imzalasa, Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərbə dəyəcək. Həm də zərbə bu dəfə ABŞ-ın özünə dəyəcək. Bu dəfə ABŞ Azərbaycanın enerji təhlükəsizliyində rolundan kənarda qalacaq”.

“Bayden Senatın qərarını imzalasa, Qorbaçovlaşacaq və Qafqazda qanlı müharibələrin müəllifinə çevriləcək”

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da ABŞ Senatının qərarı barədə sərt tənqidlə çıxış edib. Deputat bildirib ki, Ağ Ev Azərbaycan Xankəndini azad edəndən sonra ölkəmizə qarşı fikrini dəyişməyib: “44 günlük müharibənin qəfil başlanmasından xəbər tutmayan Mərkəzi Kəşfiyyat İdarəsi bir dövlətin qələbəsini və Cənubi Qafqazdakı geosiyasi inqilabın Qərbi, avroatlantik dövlətləri regiondan çıxarmasını qəbul edə bilmir. Son 3 ildə Ermənistan-Azərbaycan sülh danışıqlarını zəbt etmək, Avropa Birliyinin əliylə Ermənistana 2.6, Azərbaycana 2 milyard rüşvət planı ilə dövlətlərin mövqelərini satın almağa çalışır. ABŞ istəyir ki, müqavilə onların şərtləri ilə Vaşinqtonda imzalansın. Ona görə mediası, USAID kimi onlarla inqilab yayan maliyyə və qeyri dövlət institutları, Konqresi ilə Qarabağın gələcəyini Azərbaycandan kənarda axtarır. ABŞ-ın hərbi yardımları dayandırması Prezident İlham Əliyevi müstəqil siyasətdən daşındırmaq, ölkəmizi anti-Rusiya koalisiyasına qoşmaq və sülh danışıqlarını Moskvada keçirməkdən imtina planıdır”.

“Ermənistanın təhlükəsilziyinə ən böyük zərbəni Türkiyə və Azərbaycan deyil, ABŞ vurur. Çünki onu öz imperiya oyunlarına  alət edir, İrəvanı ayaq altına çevirir. ABŞ-ın silahlarının Ermənistana veriləcəyi, NATO qüvvələrinin süngüsü altında erməniləri Xankəndinə qaytarmağa çalışacağı şübhə doğurmur. İrəvanda hərbi təlimlər, göndərilən instruktorların planı da məhz budur.  Onlar guya Azərbaycanı Zəngəzura hücuma təhrik etdiklərini düşünürlər, lakin  dərk etmirlər ki, İlham Əliyev Brüsseldən və Vaşinqtondan idarə olunan, indi ərazi bütövlüyünü itirən rəhbərlərdən deyil”, - Z.Oruc əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan xarici yardımlardan asılı ölkə deyil: “Bayden Senatın qərarını imzalasa, Qorbaçovlaşacaq və Qafqazda qanlı müharibələrin müəllifinə çevriləcək. Ona görə də əsas sual budur-biz hansı addımları atmalyıq? Bütün millətimizlə və daha çox dövlətlərin müttəfiqliyi ilə qələbəmizi qorumaq, Amerikanın çoxqütblü siyasi qüvvələrilə intensiv çalışmaq və nəhayət, Türkiyə ilə Ermənistan sərhədlərini açaraq Qərbin planlarını iflasa uğratmalıyıq ”.

ABŞ-a qarşı bəyanat qəbul olundu

Çıxışlardan sonra Milli Məclisdə yaradılan komissiya ABŞ Senatının erməniləri müdafiə aktı ilə bağlı bəyanat hazırlayıb. Bəyanatda deyilir: “Milli Məclis ABŞ Senatında Azərbaycana qarşı qəbul edilmiş aktı qətiyyətlə rədd edir, bunu iki ölkə arasında münasibətlərə ciddi zərbə kimi qəbul edir. Bu, regionda sülh yaradılması səylərinə ciddi maneçilik törədir. ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın bariz nümunəsidir. Ermənistanın Azərbaycana qarşı işğalının genişləndiyi, Xocalı soyqırımının törədildiyi, azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törədilərkən ABŞ BMT-nin TŞ-nin daimi üzvü kimi Azərbaycana qarşı bu hərəkətlərin qarşısının almasına cəhd etməyib, əksinə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Nəticədə ABŞ-ın Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana kömək edib. ABŞ Azərbaycan ərazisində yaradılmış seperatçı rejimi dəstəkləyib. ABŞ-ın vasitəçi kimi bugünkü addımları Azərbaycan əmiyyətində nüfuzunu itirməsi ilə nəticələnib. Amerikanın son illərdə həyata keçirdiyi xarici siyasət tamamilə iflasa uğrayıb. Xüsusilə Yaxın Şərq və Əfqanıstan siyasətini qeyd etmək lazımdır. Azərbaycanın Milli Məclisi bird daha bəyan edir ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prpinsipi əsasında bütün mənfi addımları qətiyyətlə cavablandıracaq". Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Anar Bayramoğlu