“Remdesivir”in tədarükünü genişləndirmək üçün müqavilələr bağlanıb
ABŞ-ın bir əczaçılıq firması Cənubi Asiyadakı dərman istehsalçıları ilə COVID-19 müalicəsi üçün məşhur dərman olan “Remdesivir”in tədarükünü genişləndirmək üçün müqavilələr bağlayıb. AYNA bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ABŞ-ın “Gilead”şirkətinin Hindistan və Pakistandakı beş əczaçılıq şirkəti arasındakı razılaşması 127 ölkənin dərman ehtiyacını ödəmək üçün hesablanıb.
Həmin məşhur şirkətlər “Cipla Limited”, “Ferozsons Laboratories”, “Hetero Labs Ltd”, “Jubilant Lifesccepts” və “Mylan” adlı əczaçılıq nəhəngləridir. Lisenziyalaşdırma müqaviləsinə əsasən, beş şirkətin istehsalını tezləşdirmək üçün “Gilead” istehsal prosesinin texnoloji dəstəyini verəcək.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-dan yaranan vəziyyətin sona çatdığını elan edənə qədər və ya xəstəliyin müalicəsi, qarşısını almaq üçün başqa bir dərman məhsulu və ya bir vaksin təsdiqlənməyincə, dərmanın lisenziyaları pulsuz olacaq.
Qeyd edək ki, “Remdesivir” dünyadakı xəstəxanalardakı klinik sınaqlarda simptomların müddətini 15 gündən 11 günə qısaldıb. Hələlik effektiv dərman hesab olunur. Antiviral dərman bir vaxtlar Ebola xəstəliyinin müalicəsi üçün hazırlansa da, COVID-19 üçün daha təsirli vasitəyə çevrilib.