Məmurlar ara məsafəsini sevirlər, bilirsiniz, niyə?

Cəmiyyət

22.05.2020 - 19:12

Heç kəsə sirr deyil ki, sistem və onun məmurları ilə xalq arasında böyük bir ara məsafəsi var

 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib ki: “Ola bilsin, bəzi çimərliklərdə insanlar arasında sıxlıq olacaq və buna görə elektron sistem vasitəsilə icazə məsələləri diqqətlə nəzərdən keçirilir. Evdən çıxmadan əvvəl vətəndaş elektron sistem vasitəsilə yer sifariş edə bilər”.

 

İcra başçısı çimərlikdə ara məsafəsinin saxlanılması və başqa tələblərə riayət edilməsinin vacibliyini vurğulayıb.

 

Təsəvvür edirəm ki, evdən çıxıb 3-4 saatlıq istirahət üçün hansısa çimərliyə getmək istəyirəm. Çimərliyə getməzdən əvvəl hansısa elektron sistemdən istifadə edib yer sifariş verməliyəm. Həmin elektron sistem ki, 190 manatlıq müavinət üçün müraciətlərin çoxluğundan texniki problemlər yaranmışdı və sistem çökmüşdü. Ölkədə əhalinin sosial müdafiəsi ilə məşğul olmaqla səlahiyyətlənmiş vacib və böyük bir qurumun elektron sistemi azacıq yüklənməyə dözə bilməmişdi. İnformasiya Texnologiyaları üzrə mütəxəssis çatışmazlığı, bu sahədə keyfiyyətli təhsilin olmaması, hər hansı iş üçün ayrılmış vəsaitin neçə-neçə məmur tərəfindən mənimsənilməsi kimi mühüm məqamları nəzərə alsaq, çimərlik üçün yaranmış elektron sistemin hansı vəziyyətdə olacağını, istifadəçilərə hansı əsəb gərginliyi yaşadacağını təsəvvür etmək çətin olmaz.

Xahiş olunur, ara məsafəsini gözləyin

Biz yenə də pozitiv düşünək. Deyək ki, belə bir sistem yaradıldı, problemsiz və uğurla işlədi. Lakin Eldar Əzizovun sözlərinə görə, biz həmin çimərliyə çatanda bütün istirahətimiz boyunca ara məsafəsi gözləməliyik. Bu məsələ ilə bağlı da ciddi suallar yaranır. Gözlə görünən qədəri ilə tanıyıb bildiyimiz bu toplumun çimərlikdə ara məsafəsi gözləməsi necə tənzimlənəcək? Axı, sən adicə bir bankomatın önündə növbə gözləyə bilməyən, bir-birini az qala tapdalayıb keçən adamlara “dənizdə növbə ilə üzün”, “məsafə saxlamaqla sıralanıb hərəkət edin” deyə bilməzsən. Üzərindəki sistem də, bütün ətraf mühiti də, hətta öz məişəti də xaosdan ibarət olan adamları bir çimərlikdə səliqə-sahmana salmaq nəinki müşkül, deyərdim ki, mümkünsüz məsələdir.

 

Əgər bu nizam-intizamı qorumaq üçün çimərliklərdə səlahiyyətləndirilmiş polislərin fəaliyyət göstərməsi planlaşdırılsa, bu da məhrəminə düşkün bir toplum üçün kifayət qədər qeyri-əxlaqi addım olar. Heç bir azərbaycanlı ailə istirahətə çıxdığı çimərlik ərazisində enli qarınlı, dik göbəkli, bığıburma kişilərin onları seyrə durmasına icazə verməyəcək.

 

Belə olan halda təklif etmək olar ki, çimərlik ərazisi müəyyən məsafələrlə 3-5 nəfərlik dairələrə bölünsün. Onsuz da Xəzəri də, onun sahilini də azərbaycanlı məmurlar özləri və ailələri üçün iri ölçülü dairələrə bölüb-bölüb mənimsəyiblər. Bir çimərliyi səliqə ilə kiçik-kiçik hissələrə bölmək bölgüçülüyə, parçalamağa həvəskar adamlar üçün çox da çətin iş olmamalıdır.

 

Bu məqamda onu da qeyd etməliyəm ki, mən bu “ara məsafəsi” məsələsini, ümumiyyətlə, qəbul edə bilmirəm. O mənada ki, ara məsafəsi saxlamağın nəyəsə faydalı olacağına inanmıram. Bunun ən böyük nümunəsi elə Eldar Əzizov və timsalı şəxslərin xalqla saxladığı ara məsafəsinin indiyəcən bu xalqa heç bir fayda verməməsi, əksinə, daha çox ziyan vurmasıdır. Heç kəsə sirr deyil ki, sistem və onun məmurları ilə xalq arasında böyük bir ara məsafəsi var. Hansı ki, o məsafədə həm də hündür bir sədd çəkilib. Bu ara məsafəsi, bəlkə də kimisə hansısa virusdan qoruya bilər, amma onillərdir bu xalqı xəstə salan, şikəst qoyan, zəlil edən şey də elə bu ara məsafəsidir.

 

Toplumumuzun tək təsəllisi bir-biriləri ilə olan sıx, isti, iç-içə münasibətidir ki, onu da bir bəhanə ilə bu toplumun əlindən alırlar. İşdə, küçədə, kafedə aramıza girib məsafə qoyanlar, indi çimərlikdə aramıza girmək istəyirlər. Sabah da evimizə girsələr, təəccüblənməyin...!

Müəllif: Orxan Bahadırsoy