O, ilkin ifadəsində qanunsuz hərəkətləri narkotik vasitələrin təsiri altında etdiyini bildirib
Bakıda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən şəxs müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlunun üzərindən və yaşadığı ünvandan psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb.
O, ilkin ifadəsində narkotik istifadəçisi olduğunu, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini bildirib.
K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.