Kreml “İsgəndər”ə görə Nikolu cəzalandırır: <font color=red> Ermənistanda hərbi çevriliş realdır</font>

Aktual

25.02.2021 - 14:51

Şahin Cəfərli: “Xalqın Baş nazirə ciddi dəstəyi olarsa, o zaman hərbi çevrilişin qarşısının alınması mümkün olacaq. Əks təqdirdə...”

 

Ermənistanın ordusu Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Baş Qərargah rəisi Onik Qasparyan, bütün müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri bəyanat imzalayıblar. Bildirilir ki, Baş Qərargah Paşinyanın uzaqgörən olmayan və əsassız addımlarına, xüsusən də Baş Qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsinə qəti surətdə etiraz edirlər.

 

Hərbçilər hesab edir ki, Tiran Xaçatryanın istefası qərarı Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib. “Belə çətin vəziyyətdə verilən qərar dövlətə qarşı yönələn və məsuliyyətsiz bir addımdır”, - deyə bildirilir.

 

Mövcud vəziyyətə əsaslanaraq ordu Baş nazir və hökumətin istefasını tələb edirlər. Məlumatda bildirilir ki, Paşinyanın istefası tələbi 40-dan çox yüksək rütbəli hərbçi tərəfindən imzalanıb.

 

Ermənistan Baş naziri Baş Qərərgahın bəyanatını hərbi çevriliş cəhdi adlandırıb. Bu barədə Paşinyan “Facebook” səhifəsində yazıb. “Baş Qərargahın belə bir bəyanat verməsi hərbi çevriliş cəhdidir”, - deyə Baş nazir bildirib. Baş nazir Baş Qərargah rəisi Onik Qasparyanı və müavinini vəzifədən azad edib və tərəfdarlarını İrəvanın mərkəzinə - özünə dəstəyə çağırıb.

 

Analitiklər bildirirlər ki, əslində Baş Qərargahın əli ilə Ermənistanda hərbi çevrilişə cəhd edən Rusiyadır. Səbəb kimi, Paşinyanın Rusiya istehsalı olan “İsgəndər” raketinin keyfiyyətsizliyi ilə bağlı dedikləridir. Paşinyan İkinci Qarabağ müharibəsi zamanı niyə “İsgəndərdən istifadə edilməməsinə toxunarkən bildirib ki, bu silah atıcılıq keyfiyyətinə görə aşağıdır. Təbii ki, əsas silahı haqqında deyilən bu fikirləri Kreml bağışlaya bilməzdi.

 

Ermənistandakı proseslərlə bağlı AYNA-nın suallarını politoloq Şahin Cəfərli cavablandırıb. Analitik deyib ki, Paşinyanın “İsgəndər” raketi ilə bağlı aşağılayıcı ifadələri Rusiyanın “səbr kasası”nı dolduran son damla oldu...

Şahin Cəfərli: “ABŞ Türkiyədən öz siyasətini dəyişdirməsini gözləyir”

- Aydındındır ki, Rusiya Paşinyandan heç vaxt məmnun deyildi – yəni, Ermənistandakı 2018-ci il inqilabından bu yana, Rusiya-Ermənistan münasibətlərində soyuqluq açıq-aşkar müşahidə olunub. Rusiyanın əsas silah kompleksi haqqında Paşinyanın aşağılayıcı fikirləri Moskvanın qəzəbini daha da artırıb. Bu gün səhər saatlarında Ermənistan ordusunun Baş Qərargahının rəsmi şəkildə bəyanat imzalayaraq Baş naziri istefaya çağırmasının arxasında Rusiya dayanır. Ermənistan ordusunda Rusiyaya bağlı şəxslər kifayət qədərdir ki, bu heç kəsə sirr deyil. İndiyədək Kreml hərbi çevriliş kimi kəskin addımlardan çəkinirdi. Daha doğrusu, Ermənistanda dinc dəyişikliyin tərəfdarı idi. Görünür, Moskva başqa yol  olmadığını gördü. Eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra Paşinyana qarşı formalaşan müxalifət - 17 partiyanın birləşdiyi “Vətənin Qurtuluşu” Hərəkatı cəmiyyətdən dəstək qazana bilmədi. Belə görünür ki, Moskva Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın yeganə yolunun anti-konstitusion - hərbi çevrilişlə olduğunu başa düşdü.

 

- Yəni, Paşinyanın hərbi çevrilişlə hakimiyyətdən getməsi realdır...

 

- Təbii ki, hadisənin gedişatını erməni xalqının münasibəti müəyyənləşdirəcək. Paşinyan artıq öz tərəfdarlarını meydana səsləyib. Əgər ciddi kütlə toplanarsa, xalqın Baş nazirə ciddi dəstəyi olarsa, o zaman hərbi çevrilişin qarşısının alınması mümkün olacaq. Əks təqdirdə, yəni, xalqdan dəstək almasa, Paşinyanın hakimiyyətdən qiyam yolu ilə uzaqlaşdırılması realdır. Onun yeganə resursu xalqın dəstəyi idi. Bu dəstək davam edirsə, bəli, hakimiyyətini qoruya biləcək.

Keçmiş unudulmur - Köçəryan-Sarkisyan cütlüyü xilaskar ola bilməz

- Məlumdur ki, bu məsələlər keçmiş Prezident Serj Sarkisyanın müsahibəsindən sonra başladı. Paşinyan “İsgəndər” raketi ilə bağlı fikirlərini Sarkisyana cavab olaraq səsləndirdi ki, bu da Rusiyanı qıcıqlandırdı. Maraqlıdır, Rusiya hərbi çevrilişlə Ermənistanda hakimiyyəti dəyişərsə, yenidən sabiqlər – Köçəryan-Sarkisyan rejimi hakimiyyətə gələ bilərmi?

 

- Əlbəttə, onların qayıtması real görünə bilər. Ola bilsin ki, Baş nazir Sarkisyan, Köçəryan olmasın, amma onlara yaxın, bağlı qüvvələr hakimiyyətə gələcəklər. Əgər təbii ki, hərbi çevriliş baş tutarsa. Məncə, Rusiya onu da anladı ki, seçki yolu ilə sabiqlərin – yəni, “Qarabağ klanı” adlandırılan qüvvələri hakimiyyətə gəlməsi  şansı yoxdur. Çünki aksiyalarda onlara da dəstək olmadığı ortaya çıxdı. Buna görə də, çevriliş planına əl atılıb. Təbii ki, çevriliş baş tutsa, Moskvaya bağlı qüvvələr hakimiyyətə gələcək. Bunlar radikal millətçilər – erməni faşizmini təbliğ edənlərdir ki, onlar hakimiyyət başına keçəcəklər. Bu gün Paşinyana qarşı real alternativ kimi onlar görünür – Köçəryana, Sarkisyana bağlı qüvvələr, “daşnaklar” və digər radikal millətçi-faşist qüvvələr. Təəssüf ki, onların hakimiyyətə qayıtması Azərbaycanın maraqlarına ziddir. Millətçi-faşistlərin hakimiyyətə gəlməsi Qarabağ məsələsini yenidən düyünə salan hadisə olacaq. Çünki bizim marağımızdadır ki, müharibənin bitməsi haqqında imzalanan 10 noyabr Üçtərəfli Bəyanatı Paşinyan imzalayıb, o da icrasını həyata keçirsin. Təbii ki, onlar hakimiyyətə gəlsələr belə, inanmıram ki, Üçtərəfli Bəyanata qarşı çıxsınlar. Çünki o sənədin altında Rusiyanın da imzası var ki, onlar Kremlə qarşı çıxa bilməzlər. Sadəcə olaraq, qarabağda müəyyən problemlər yaratmağa, razılaşdırılan məsələlərin düyünə düşməsi üçün əllərindən gələni edəcəklər.

 

- Paşinyan “İsgəndər” raketi ilə bağlı dediklərindən sonra sanki vəziyyəti düzəlmək üçün daha bir açıqlama verdi – bildirdi ki, silahlı qüvvələrdə islahatlar üçün “Yol xəritəsi” hazırlanır ki, burada da əsas tərəfdaş Rusiyadır. Sizcə, bu açıqlama “Kremlin əsəbini” sakitləşdirəcəkmi?

 

- İnanmıram ki, Moskva niyyətindən əl çəksin. Çünki Kremldə Paşinyana hansısa etimad və inam yoxdur. Rusiya maraqlıdır ki, Nikol hakimiyyətdən getsin və ona bağlı qüvvələr Ermənistanda idarəçiliyə gəlsin. Ona görə də, Paşinyanın “Yol xəritəsi”nə Moskva isti yanaşmayacaq.

Müəllif: Anar Bayramoğlu