Rusiya siyasətçisinin sağlığının tamamilə bərpa olunması istisna deyil
Almaniyanın “Şarite” klinikasının həkimləri Rusiya müxalifətinin lideri Aleksey Navalnının səhhəti ilə bağlı açıqlama yayıblar. AYNA-nın xarici mediaya istinadən məlumatına görə, açıqlama klinikanın “Twitter” hesabında yayımlanıb.
Həkimlər hesab edirlər ki, Rusiya siyasətçisinin sağlığının tamamilə bərpa olunması istisna deyil.
“Xəstənin səhhətində irəliləyişə və mövcud vəziyyətinə əsasən, onu müalicə edən həkimlər Navalnının tam sağalacağına inanırlar. Lakin onun ağır zəhərlənməsinin potensial uzunmüddətli nəticələrini qiymətləndirmək hələ tezdir”, - deyə xəstəxanadan verilən açıqlamada bildirilir.
Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.