“Pandemiyanın baş alıb getdiyi vaxtda əlimizi yumağa da su tapmırıq”
Xırdalan sakinləri “Azərsu” ASC-dən narazıdırlar. Xüsusən də şəhərin Bünyad Sərdarov küçəsində yaşayanlar aylardır, su üzünə həsrət qaldıqlarını, aidiyyəti qurumların isə şikayətlərinə biganə qaldıqlarını deyirlər. Bunları sakinlər AYNA-nın hadisə yerində olan əməkdaşına danışıblar.
Ünvana çatana qədər Xırdalanın ənənəvi kələkötür yolları, daşmış kanalizasiyaları, ətrafı üfunətə qərq edən zibillikləri diqqətimizdən yayınmadı. Sanki, 21-ci əsr yox, orta əsrlər dövrüdür. Təbii ki, bütün bu problemlərin fonunda, ələlxüsus pandemiya və karantin dövründə evdə oturmağa məcbur olan, işsizlikdən gileylənən sakinlərin su üzünə həsrət qalması böyük problemdir.
Hadisə yerinə çatanda 50 nəfərdən çox sakin bir yerə yığışıb problemlərinin həlli üçün çıxış yolu axtarır və etiraz edirdilər. Sakinlərin dediklərinə görə, aylardır, əraziyə su verilmir: “Neçə aydır ki, su üzünə həsrət qalmışıq. Təsəvvür edin ki, gün ərzində su verilmir, lakin gecə saat 3-də su verilir. Gecə saat 3-də su verilməsinin nə mənası var? O vaxt camaat hansı işini görsün? Abşeron Rayon İcra Hakimiyyətinə gedib dərdimizi dedik, lakin bizi uzaqlaşdırdılar ki, “biz sizin işinizə baş qoşa bilmərik”. “Azərsu” isə ümumiyyətlə zənglərimizə cavab vermir, cavab verəndə də səsimizi eşidib dəstəyi asırlar”.
“Lakin dərdimiz sadəcə su problemi deyil. Həm də kanalizasiya problemindən əziyyət çəkirik. Bir müddət əvvəl əraziyə kanalizasiya xətti çəkiləcəkdi. Lakin sonra dedilər ki, ərazi layihədə yoxdur. Biz 1981-ci ildən burada yaşayırıq. O vaxt çəkilən kanalizasiya xətti 15-20 nəfərlikdir. İndi isə burada 200 nəfər yaşayır və buna görə də kanalizasiya xətti tab gətirimir”, - sakinlər gileyləniblər.
Narazı insanların sözlərinə görə, bu ilin fevral ayında əraziyə yeni su xətti çəkiləndə, gün ərzində su gələcəyini deyiblər: “Amma o gündən bəri biz su üzünə həsrət qalmışıq. Gecə saat 3-də 2-3 saat su verilir, onu da 1-2 gün verirlər. Zəng edirik, amma cavab verən yoxdur. Şikayətimizi bütün qurumlar bir-birinin üstünə yönləndirir. İndi də pandemiyanın baş alıb getdiyi vaxtda əlimizi yumağa belə, su tapmırıq. Belə zülm olmaz”.
“Hal-hazırda camaatın ehtiyacını ödəmək üçün birinci növbədə su, qaz və işıq vaxtı-vaxtında verilməlidir. Amma “Azərsu” dövlət tərəfindən verilən qərarları yerinə yetirmir. 3 aydan çoxdur ki, heç kimin evində su yoxdur. Camaat vedrə-vedrə su daşıyır, suyu maşınla alır. Belə bir dövrdə biz suyu niyə pulla almalıyıq?”, - şikayətçilər bildiriblər.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə dəfələrlə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab vermədi.