Bələdiyyə sədri: “Roma Əfqanıstanda minlərlə insanı qorxu və ümidsizlik içində taleyin ümidinə buraxmaq istəmir”
İtaliya Əfqanıstandan olan qaçqınlarla bağlı çağırış edib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya “Taliban” hərəkatı tərəfindən Əfqanıstanda hakimiyyət ələ keçirildikdən sonra başda qadınlar olmaqla hüquqları təhlükə altında olanlar üçün hərəkətə keçib. Ölkədəki bələdiyyə sədrləri “Əfqanıstandan olan qaçqınlara qapılarımızı açaq” çağırışı ediblər.
Belə ki, Roma bələdiyyə başçısı da daxil olmaqla, bir sıra bələdiyyə sədrləri qaçqınlar üçün “humanitar dəhliz” açmaqla bağlı çağırışlar ediblər və onları qəbul etmək üçün bələdiyyə obyektlərindən istifadə etməyi təklif ediblər.
Mətbuatda yer alan məlumatlara görə, Roma bələdiyyə başçısı Virginia Raggi xarici işlər naziri Luigi Di Maioya “Roma Əfqanıstanda minlərlə insanı qorxu və ümidsizlik içində taleyin ümidinə buraxmaq istəmir”, - deyə məktub yazıb. Raggi əfqan qadınlara təhsil təqaüdlərinin verilməsini də təklif edib.
Bergamo Bələdiyyə Başçısı Giorgio Gori “Bir çox İtaliya şəhərinin bələdiyyə başçısı Əfqanıstanda baş verən faciə qarşısında qaçqınları qəbul etməyə hazırdır” - deyib.
İtaliya Bələdiyyələr Birliyinin mühacirət məmuru və Prato şəhərinin meri Matteo Biffoni bu mövzuda Daxili İşlər və Müdafiə Nazirləri ilə əlaqə saxladıqlarını açıqlayıb. O, “İtalyan bələdiyyə başçıları əfqan ailələrini qarşılamaq üçün əllərindən gələni etməyə hazırdır” deyib.
İtaliyanın Baş naziri Mario Draghi vəzifəyə başladıqdan sonra ilk dəfə dünən Əfqanıstanla bağlı müsahibə verib. O, müsahibədə Əfqanıstanda olan italyan əsgərlərindən danışıb: “İtaliya 20 ildə 54 əsgərini itirdi. 700-ə yaxın əsgərimiz də yaralandı. Ailələrinə qurbanlarının boşuna olmadığını söyləmək istəyirəm. Onlar insan azadlıqları, qadınların hüquqlarını müdafiə etdilər, terrorun qarşısını almaq üçün əməliyyatlar apardılar. Onlar mən və bütün İtalyanlar üçün qəhrəmandırlar”.
Draghi İtaliya ilə əməkdaşlıq edən əfqanları bu ölkəyə gətirmək üçün çalışdıqlarını da bildirib. Baş nazir bu insanlardan başqa Əfqanıstanda insan hüquqlarını müdafiə edənlərin də Avropaya qəbul edilməsi üçün əməkdaşlıq edilməli olduğunu söyləyib.
İtaliyanın G20-yə sədrlik etdiyini xatırladan Draghi G20-nin Əfqanıstanda əsas hüquqların və qadın hüquqlarının qorunmasında əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıb.
Bunun dünya miqyasında bir əməkdaşlıq tələb etdiyini ifadə edən Draghi, Türkiyə, Çin, Rusiya və Səudiyyə Ərəbistanı kimi ölkələrin bu iş birliyinə daxil edilməli olduğunu bildirib