İstanbulda Qarabağ müzakirəsi: Çavuşoğlu Zəriflə bir araya gəldi

Siyasət

29.01.2021 - 14:10

Türkiyə və İranın xarici işlər nazirləri İstanbulda birgə mətbuat konfransı keçiriblər

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyədə rəsmi səfəri çərçivəsində həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. AYNA xəbər verir ki, İstanbulda baş tutan görüşdən sonra XİN başçıları birgə mətbuat konfransı keçiriliblər.

 

Çavuşoğlu bildirib ki, görüş zamanı hər iki ölkəni yaxından maraqlandıran məsələlər müzakirə edilib: “Pandemiya səbəbindən təxirə salınan iclasların vaxtını və bölgədəki məsələləri müzakirə etdik. Suriyada, İraqda, Körfəz ölkələrində, Cənubi Qafqazda mövcud vəziyyət ətrafında fikir mübadiləsi apardıq. Cənubi Qafqazda mövcud atəşkəsin davamlı olmasını istəyirik. Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə 3+3 formatda əməkdaşlıq planlaşdırırıq”.

 

“Cənubi Qafqazda sülh və əmin-amanlıq hər kəsin xeyrinədir. Bundan ən çox Ermənistan və Ermənistan xalqı faydalanacaq. Bu səbəbdən Ermənistanın da bu istiqamətdə müsbət addımlar atmasını gözləyirik”, - deyə türkiyə XİN başçısı qeyd edib.

 

Zərif isə bildirib ki, İranda Türkiyə və Azərbaycanın xarici işlər nazirləri ilə toplantı keçiriləcək: “İranla Türkiyənin Qafqaz məsələsindəki əməkdaşlığı bölgədə yaşayan xalqların və ölkələrin xeyrinə olacaq. Türkiyə, Azərbaycan və Rusiya prezidentləri tərəfindən irəli sürülən platforma və əməkdaşlıq çərçivəsində mən beş ölkəyə səfər etdim. Yaranmış hazırki vəziyyəti müsbət qiymətləndirməliyik. Mövcud atəşkəs rejimi davamlı olmalı və iqtisadi əlaqələrin canlanmasına yol açmalıdır”.

 

“Ölkələrimiz quru və dəmir yolları, enerji kimi fərqli sahələrdə əməkdaşlıq edə bilər. Mənim bununla bağlı fikirlərim müsbətdir. Ümid edirəm ki, bu iş həyata keçiriləcək və əməkdaşlığımız inkişaf edəcək. Ümid edirəm ki, əməkdaşlıq üçün gözəl şərait yarada biləcəyik”, - Zərif əlavə edib.

Müəllif: Ayna.az