Fiziki cəza ilə yanaşı, ifaçının iki il müddətinə çıxış etməsi və ölkəni tərk etməsi qadağan olunub
İranın Qum əyalətində məhkəmə müğənni Parasta Əhmədini hicabsız çıxış etdiyinə görə 74 şallaq cəzasına məhkum edib. AYNA.AZ xəbər verir ki, "The Guardian" qəzetinin məlumatına görə, çıxışı çəkənlər də daxil olmaqla, onun heyətinin səkkiz üzvünə eyni cəza verilib.
Sənətçinin təqibi 2024-cü ilin dekabr ayında “YouTube”da canlı yayımlanan konsertdən sonra başlayıb. 29 yaşlı Əhmədi "Az Khoone Javanane Vatan" ("Vətənin Gənc Vətənpərvərlərinin Qanından") vətənpərvərlik mahnısını hicabsız və açıq libasda ifa edib. Video “YouTube”da 2,9 milyon baxış toplayıb. Videonun yayımlanmasından qısa müddət sonra polis müğənnini, musiqiçiləri və çəkiliş qrupunu saxlayıb. Onlara qarşı cinayət işi açılıb.
Məhkəmə sənətçiləri "kobud və əxlaqsız məzmun" səbəbindən ictimai əxlaqı təhqir etməkdə günahkar bilib. Fiziki cəza ilə yanaşı, hakimiyyət orqanları ifaçının iki il müddətinə çıxış etməsini və ölkəni tərk etməsini qadağan edib.
İranlı insan haqları üzrə vəkil Moin Xəzaeli hökmün hüquqi əsasının olmadığını bildirib. O qadınların çıxışlarının və yayımlarının İranda qadağan olunmadığını, buna görə də onların fəaliyyətinin "ədəbsiz məzmunun yaradılması, yayılması və ya dərc edilməsi" kimi təsnif edilə bilməyəcəyini qeyd edib. O həmçinin bir çox insan haqları təşkilatlarının şallaqlamanı qanuni cəza deyil, işgəncə forması hesab etdiyini vurğulayıb.