İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib"

Siyasət

04.12.2020 - 10:45

Həkimlər Klinikalar SEO Xidməti

“Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi”

 

“Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv etmişdir. Ermənistanın Baş naziri “Qarabağ Ermənistandır” kimi bir sıra təxribatçı bəyanatları ilə danışıqlara son qoymuşdur. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırış etmişdir. Cari ilin iyul ayında Ermənistan regionda yeni gərginlik mənbəyi yaratmaq, yeni əraziləri işğal etmək və Azərbaycanın strateji enerji infrastruktur layihələrinə zərbə vurmaq məqsədilə dövlət sərhədində hərbi təxribat törətmişdir”.

 

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasındakı çıxışında bildirib.

 

Ölkə başçısı qeyd edib ki, daha sonra, avqust ayında Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd edib: “Sentyabrın 24-də BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində çıxışım zamanı mən Ermənistanın yeni müharibəyə hazırlaşması ilə bağlı xəbərdarlıq etmişdim. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başlamışdır. Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərdə yerləşən Tərtər və digər şəhərləri 44 gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qalmışdır. Ermənistan döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərlərə qarşı ballistik raketlərdən istifadə etmişdir. Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə etmişdir. Nəticədə 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs qətlə yetirilmiş, 400-dən artıq insan yaralanmışdır”.

 

“Azərbaycan Ordusu bunun layiqli cavabını vermiş, ölkə vətəndaşlarını və ərazisini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı başlamış və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad etmişdir. Hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur etmişdir. Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın Baş naziri tərəfindən noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilmişdir. O vaxtdan etibarən, təqribən bir aydır ki, atəşkəsə əməl olunur. Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır”, - deyə İ.Əliyev vurğulayıb.

 

Azərbaycan lideri deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib: “Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir. Bu, Ermənistanın destruktiv yanaşmasının yeganə nümunəsi olmamışdır. Ermənistan BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə çıxış etmişdir. Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışmışdır. Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olmuşdur. İnanıram ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcəkdir. Sağ olun”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş