İki ifratın arasında qalmışıq

Cəmiyyət

06.06.2020 - 21:12

Bu ölkədə peşəkarlıq standartları it-bata düşüb

 

Çörəklə bağlı məlum görüntüləri xeyli insanın şərhlərində, paylaşımlarında gördüm. Bizim ölkədə insanları günahlandırmaqdan asan nəsə yoxdur. "Rüşvət verən olmasa, alan da olmaz" deyən düşüncə üçün yaranmış durumun səbəbləri maraqlı deyil - tez toplumumu aşağılayım. Hələ onu demirəm ki, bu görüntüləri bütün topluma aid eləmək nankorluqdur.


Dünən ən azından 2 böyük satış şəbəkəsində oldum, bu cür mənzərənin şahidi olmadım. Əksinə, kifayət qədər mədəni davranış gördüm insanlarımızda.


Amma mənim üçün problem başqadır: bu ölkədə peşəkarlıq standartları it-bata düşüb, bunun dərdini çəkirəm. "Evləri könədlən yar" tamaşasında olduğu kimi, hərə öz ekspertini, mütəxəssisini, alimini öyür bu ölkədə. Onsuzda az olan peşəkarlara, peşəkar standartlara hörmət qalmayıb bu məmləkətdə.


"Mənim dediyimi demirsənsə, düşmənsən" təfəkkürü artıq bu ölkədə bütün yaradıcı adamları boğur, yaradıcı işə stimulları sıradan çıxarır.


Mənasız müzakirələr və siyasi çəkişmələr, söyüşlər, təhqirlər, hər gün təkrarlanan eyni fikirlər və boyat arqumentlər artıq sosial şəbəklərdən və internet TV-lərdən ictimai fayda götürmək imkanını minimuma endirib...


Amma belə ağrılı məsələdən danışan yoxdur. Ortada ya bəy tərifi var, ya da aşağılama. Qalmışıq iki ifratın ortasında...

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert