Hökumətdən məşhur deyimi xatırladan qərar: İstədilər ki, yaxşı olsun, amma...

Cəmiyyət

02.06.2020 - 21:30

Altmış santimetrlik masa arxasında bir metr məsafə saxlamalı və maska ilə yemək yeməliyik

 

Rusiyanın Boris Yeltsin dövründə Baş Naziri olmuş Viktor Çernomırdinin çıxışları zamanı dediyi bəzi cümlələr o qədər gülməli, lakin mənalı alınırdı ki, kişinin ağzından çıxan kimi düşürdü geniş kütlənin dilinə. Onun bu günə qədər hamı tərəfindən istifadə olunan ən məşhur fikri isə “İstəyirdilər ki, daha yaxşı olsun, amma həmişəki kimi alındı” cümləsidir. Bu cümləni Rusiya ekspertləri həyatın hər sahəsində tənqidi gücləndirmək üçün istifadə edirlər. Amma deyəsən, Çernomırdinin “tezisi” ilə işləyən təkcə Rusiya məmurları deyil, həm də bizim Nazirlər Kabineti yanında Operativ Qərargahın başbilənləridir.

 

29 may 2020-ci ildə Opeativ Qərargah ölkədə xüsusi karantin rejiminin vaxtının 15 iyunə qədər uzadılması barədə qərar verdi. Bununla yanaşı, mayın 31-dən əvəllər fəaliyyəti məhdudlaşdırılan bəzi sahələrdə də yumşalma baş verdi.

 

Qərara görə, artıq iyunun 1-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir - təbii ki, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla.

 

Amma ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa edilsə belə, onların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinə hələ də icazə verilməyib.

 

Xatırladaq ki, mayın 31-dək kafe və restoranlar saat 8.00-dan 18.00-a qədər işləyirdi. Üstəlik, eyni masa arxasında oturanlar arasında 1 metrdən, yan masalar arasında 2 metrdən az olmayaraq ara məsafəsi tələb olunur. İndi isə restoranlarda da müştərilərin maska taxması mütləq tələb şəklində qoyuldu. Bu tələbləri pozanları da cərimə gözləyir.

 

Maraqlıdır, niyə kafe və restoranların fəaliyyətində yumşalma olduğu halda, “Mall”ların nəzdindəki kafeləri bağlı saxlamaq qərarına gəlib Operativ Qərargah? AYNA-nın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun sözlərinə görə, iri ticarət mərkəzlərində fəaliyyət göstərən kafelərin fəaliyyətinə qadağaların saxlanılmasının səbəbi orada olan əhali sıxlığı ilə bağlıdır.

Rəşad Rüstəmov