Hökumətdən acizliyin etirafı: “Əgər əhaliyə daha çox pul verərsək...”

İqtisadiyyat

30.05.2022 - 10:16

Xalid Kərimli: “Hökumət inflyasiyanın olmasını istəmirdisə, enerji daşıyıcılarının qiymətlərini artırmamalı idi”

Rövşən Ağayev: “Vəziyyət o həddə çatıb ki, hökumət özü inflyasiyanın qarşısını almaqda aciq olduğunu bəyan edir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin çərşənbə günü baş tutan iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycan hökuməti inflyasiyanın qarşısını almaqda çətinlik çəkir: “Xaricdən gələn inflyasiyanın təsirini hansısa formada azaltmaq çətindir. Cari ildə bunun qarşısını almaq üçün addımların atılması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığı ilə cari ildə bütün sektorlar üzrə əməkhaqlarının artırılması həyata keçirilib. Biz bunu sonsuz edə bilmərik, çünki inflyasiyanı sürətləndirən amillərdən biri də pul kütləsinin artmasıdır. Biz pulu nə qədər çox versək, bu, inflyasiyanın azalmasına gətirib çıxarmayacaq, əksinə, artıracaq”.

Nazir bildirib ki, dünya bazarında istehlak qazının qiymətləri bahadır və müqayisə etibarilə Azərbaycanda mavi yanacaq daha ucuz qiymətə istehlakçılara təqdim olunur.

Bu açıqlama istehlak bazarında və kommunal sektorda qiymətlərin yenidən artacağına dair müzakirələri gündəmə gətirib. Nəzərə alanda ki, koronavirus pandemiyası dövründə kütləvi qapanmaya məruz qalan əhali pandemiya şərtləri yumşaldıqdan sonra fantastik bahalaşma ilə qarşılaşıb, bu xüsusda qiymətlərin yenidən artması ciddi sosial-iqtisadi problemlərə yol aça bilər. Azərbaycan hökuməti üzvlərinin son açıqlamaları da buna hazırlığın tərkib hissəsi kimi qiymətləndirilir.

İqtisadçı alim Xalid Kərimli AYNA-ya açıqlamasında deyib ki, Mərkəzi Bankın sədri ölkədəki inflyasiyanı xarici faktorlarla əlaqələndirir: “Ölkənin baş bankiri qeyd edir ki, inflyasiyanın 60 faizi xarici amillərlə bağlıdır. Pul kütləsinin çoxalmasının isə inflyasiyaya 10 faiz təsir etdiyini bəyan edir. Əslində isə inflyasiyanı doğuran əsas səbəblərdən biri ölkəyə idxal olunan məhsulların bahalaşması, digəri isə müxtəlif enerji daşıyıcılarının və kommunal xərclərin artmasıdır”.

“Əhalinin əlində çoxlu pulun olması səbəbindən inflyasiyayanın baş verməsi barədə söylənilənlər reallığı əks etdirmir. Burada hökumət rəsmilərinin söylədikləri ilə razılaşmaq mümkün deyil. Nəzərə almaq lazımdır ki, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması artıq ilin ilk üç ayı ərzində xərclənib qurtarıb. Ərzaq inflyasiyası 19 faizin üzərindədir. Qiymət artımları o qədər yüksəkdir ki, məvaciblərin artımı sosial-iqtisadi durumu qismən kompensasiya edə bilir”, - deyə həmsöhbətimiz bildirib.

Ekspertin fikrincə, maliyyə nazirinin son açıqlamaları mövcud reallığı əks etdirmir: “Nazir qeyd edir ki, “məvacibləri sonsuza qədər qaldıra bilmərik”. Ancaq bu gün xeyli sayda ölkə vətəndaşı məhz dövlətin ayırdığı vəsaitlər hesabına yaşayır. Əgər hökumət inflyasiyanın olmasını istəmirdisə, enerji daşıyıcılarının qiymətlərini artırmamalı idi. Artırıblar, bazarda ciddi infliyasiya yaranıb, nəticələrini isə bölüşmək istəmirlər. Bütün hallarda mövcud vəziyyətdə hökumət dövlətdən yardım alan təbəqələri, təqaüdçüləri, tələbələri, sosial vəziyyəti aşağı həddə olan vətəndaşları təkbaşına və Allahın ümidinə buraxa bilməz. Bununla bağlı müvafiq addımlar atılmalı, maaş və pensiyaların artırılmasına yenidən baxılmalıdır”.

“Əhalinin gəlirləri artmasa, sosial problemlər dərinləşəcək və bundan özəl sektor da təsirlənəcək. İqtisadiyyat zəncirvari şəkildə idarə olunur. Əhalinin gəlirləri azalırsa, bu, öz növbəsində alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Nəticədə isə sosial-iqtisadi problemlər daha da kəskinləşir”, - deyə Kərimli vurğulayıb.

İqtisadçı ekspert Rövşən Ağayev AYNA-ya söyləyib ki, hökumət reallığı ört-basdır etməyə çalışır: “Bahalaşmanın doğurduğu fəsadları istehlakçılar öz gündəlik həyatında hiss edirlər. Məlumdur ki, Azərbaycan hökuməti adətən inflyasiya ilə bağlı real durumu gizlətməyə çalışır. Hesab edirlər ki, bu tip xəbərlər əhalidə inamsızlıq və təşviş yaradır. Lakin hazırda vəziyyət o həddə çatıb ki, hökumət rəsmiləri də inflyasiyanın qarşısını almaqda aciq olduqlarını bəyan edirlər”.

“Əhalinin əksər hissəsi dayanıqlı gəlirlərə malik deyil, effektiv indeksasiya mexanizminin işləmədiyi ölkələrdə yüksək inflyasiyanın davam etdiyi dövr isə əhalinin sürətlə yoxsullaşdığı mərhələdir. Kreditləşmə 10 faizdən, büdcə xərcləmələri 5 faizdən az artıb. Bu ilin dörd ayında pul bazasında 7 faizlik artım görünür. İdxal qiymət indeski 25 faizə yaxın, bəzi mal qrupları üzrə 30 faizin üzərində olub. Kənd təsərrüfatı məhsullarının istehsalçılarının qiymət indeksi 16 faizdən çox, emal sənayesi üzrə istehsalçı qiymət indeksi 25 faizə yaxın olub”, - deyə müsahibimiz qeyd edib.

Ağayevin sözlərinə görə, rəqabətli iqtisadiyyatı olmayan ölkələr üçün analoji durumlar xarakterikdir: “İnhisarçılıq, azad rəqabət mühitinin olmaması, idxal və ixrac əməliyyatları zamanı baş verən neqativ hallar mövcud durumu şərtləndirir. Təbii ki, dünya miqyasında  baş verənlər də prosesə təsirsiz ötüşmür. İnhisarçı qruplar qazanc məqsədli spekulyativ qiymət artımları üçün münbit fürsətlər əldə edirlər”.

Müəllif: Azər Niftiyev