Hikmət Hacıyev: “Əməliyyatlar keçirilən yer suveren ərazilərimizdir”

Siyasət

27.09.2020 - 21:15

Prezidentin köməkçisi: “Məqsəd mülki insanlarımızın təhlükəsizliyini və işğal olunmuş ərazilərin işğaldan azad edilməsini təmin etməkdir”

 

Ermənistanın Azərbaycana qarşı bugünkü təcavüzü beynəlxalq mediya tərəfindən də geniş işıqlandırılır və bu mövzuya böyük maraq var. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Prezidentin köməkçisi qeyd edib ki, beynəlxalq media mənsublarına da mövcud vəziyyət, Ermənistanın bu təcavüzü, xüsusilə mülki insanlarımıza dəymiş zərərlər haqqında ətraflı məlumat verilir: ““Əl Cəzirə” və bir sıra qərbi Avropa ölkələrinin mediyaları və Türkiyə, Rusiya mediyası və digər aidiyyəti beynəlxalq media qurumlarından da müxtəlif media-sorğular daxil olur. Ermənistan sosial şəbəkə seqmentində belə bir məlumat verilmişdi ki, guya Ermənistan – Azərbaycan sərhədində də toqquşma baş verib. Bu, tamamilə yalandır, Ermənistanın növbəti dezinformasiyasıdır və hərbi əməliyyatlar Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində həyata keçirilir ki, bu da Azərbaycan Respublikasının suveren əraziləridir”.

 

“Azərbaycan Respublikası Silahlı Qüvvələri bu tədbirləri suveren ərazilərində müdafiə məqsədilə həyata keçirir. Burada məqsəd qeyd etdiyimiz kimi mülki insanlarımızın təhlükəsizliyini və işğal olunmuş ərazilərin işğaldan azad edilməsini təmin etməkdir. Beynəlxalq ictimaiyyət tərəfindən də bu məsələyə - Ermənistanın Azərbaycana qarşı növbəti təcavüz aktına ciddi bir maraq var və müxtəlif narahatlıqlar ifadə olunur. Artıq bir sıra beynəlxalq təşkilatlar və fərdi əsasla dövlətlər tərəfindən, xüsusilə ATƏT-in üzv dövlətləri tərəfindən də narahatlıqlar ifadə olunub. Azərbaycan Respublikası tərəfindən bir daha bəyan olundu ki, bu vəziyyətin gərginləşməsinin məsuliyyəti bilavasitə Ermənistan Respublikasının siyasi hərbi rəhbərliyinin üzərinə düşür”, - deyə H.Hacıyev qeyd edib.

Müəllif: Ayna.az