“Azərbaycan və İran iqtisadi əməkdaşlıq etməli və ikitərəfli əlaqələri gücləndirməlidir”
Azərbaycan İranla iqtisadi əməkdaşlığı dəstəkləyir. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunda çıxışı zamanı bildirib.
O, həmçinin bildirib ki, Azərbaycan Türkiyə, Rusiya və İranla çoxtərəfli əməkdaşlığı dəstəkləyir.
“Azərbaycan və İran iqtisadi əməkdaşlıq etməli və ikitərəfli əlaqələri gücləndirməlidir. Bizim gələcəkdə Asiyada etimadın möhkəmləndirilməsi üzrə konfransımız var. Biz Azərbaycanın geosiyasi mövqeyini qoruyub saxlamağa çalışırıq”, – Hikmət Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, regionda parçalanma meylləri müşahidə olunur və Azərbaycan bu kontekstdə əlaqələrin gücləndirilməsinə xüsusi önəm verir: “Biz özümüzə və tərəfdaşlarımıza fayda vermək üçün real imkanlardan istifadə etməliyik. Bizim xüsusi dəmir yolu xəttimiz olmalıdır və birlikdə işləməliyik. Biz həyata keçirilə bilən layihələri müəyyənləşdirməliyik”.
Hikmət Hacıyev, həmçinin İslam Əməkdaşlıq Təşkilatının əhəmiyyətinə də toxunub: “İslam Əməkdaşlıq Təşkilatı əlimizdə olan ən mühüm qurumdur. Azərbaycan da ədalətə əsaslanan həmrəyliyə önəm verir”. Hikmət Hacıyev çıxışı zamanı Azərbaycan-Ermənistan münasibətlərinə və sülh prosesinə də münasibət bildirib: “İndi sülh üçün ən yaxşı və ən sabit vaxtdır. Azərbaycanla Ermənistanın münasibətlərində hərbi elementlərə yer olmamalıdır. Azərbaycan regionu sülh və sabitliyə doğru aparmaq istəyir. Biz yaxşı nəticələr əldə etdik və məsələlərin sərhədlərini müəyyən etdik. Sərhəd işğalla müəyyən edilmir. Biz bilirik ki, konstitusiya başqa ölkə üçün təhlükə yaratmasa, hər bir ölkənin daxili işidir. Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialar olan maddə çıxarılmalıdır”.
Hikmət Hacıyev qeyd edib ki, bölgədəki xarici hərbi qüvvələrin bölgədə qalmasına ehtiyac yoxdur.
O, eyni zamanda vurğulayıb ki, xarici qüvvələr öz maraqlarını həyata keçirmək üçün müdaxilə edir.