“Heyvanlara qarşı amansızlığa görə cərimə 10 dəfə artırılsın”

Cəmiyyət

10.02.2022 - 23:03

Azər Qarayev: “İndiki cərimə məbləği gülüncdür, məsələn, Almaniyada belə cərimələr 6-7 min avro təşkil edir”

Ölkəmizdə sahibsiz heyvanlar təkcə aclıqdan, xəstəlikdən, pis hava şəraitindən deyil, bəzi vətəndaşların onlara qarşı amansız rəftarından da əziyyət çəkir. Belə ki, bu yaxınlarda Gəncədə itlərin kütləvi şəkildə güllələnməsi həyata keçirilib. Evsiz-eşiksiz pişik və itlərin hündürlükdən atıldığı, qulaqlarının, quyruğunun kəsildiyi, döyüldüyü və s. halları saymaqla bitmir...

Qəddarlıq faktları var ki, bəziləri bunu qəbul etməkdən imtina edirlər. Məsələn, heyvanı çətinliklə hərəkət edə bildiyi kiçik qəfəsdə saxlayırlarsa, o zaman hər şeyin qaydasında olduğuna inanırlar, çünki yemlənir və su verilir.

Azərbaycanda heyvanlara qarşı amansızlıq faktlarının əksəriyyəti cəzasız qalır və bu, insanları zorakılıq yoluna davam etməyə sövq edir. Bir qayda olaraq, belə şeylərə görə yalnız hadisənin lentə alınması, sosial şəbəkələrdə yayılması və ictimaiyyətdə geniş əks-səda doğuran zaman məsuliyyətə cəlb olunurlar. Amma belə olan halda da cinayət törədənlər İnzibati Xətalar Məcəlləsinə görə, maksimum 500 manat cərimə ilə canlarını qurtarırlar. Bu, bir canlının iztirabının cüzi bir qiymətidir.

Bu yaxınlarda cəzanın sərtləşdirilməsi məsələsi qaldırıldı. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Mühafizə Xidmətinin rəisi Hikmət Əlizadənin sözlərinə görə, cərimənin məbləğinin bir neçə dəfə artırılması ilə bağlı layihə hazırlanır. Məsuliyyətin digər ciddi növlərini və tədbirlərini də müəyyən etmək lazımdır.

Heyvanları Mühafizə Cəmiyyətinin (HMC) sədri Azər Qarayev AYNA-ya açıqlamasında deyib ki, heyvanlara qarşı amansızlıqla bağlı qanunvericiliyin sərtləşdirilməsinin zəruriliyi barədə vaxtaşırı eşidir, amma təəssüf ki, məsələ bununla bitir: “2010-cu ildə Cəmiyyət olaraq Prezident Administrasiyasına, Milli Məclisə və Nazirlər Kabinetinə beynəlxalq təcrübə və Azərbaycan şəraitinə uyğunlaşdırılmış “Heyvanların mühafizəsi haqqında” qanun layihəsi təqdim etmişik. Layihə 2012-ci ildə çoxsaylı təftişlərdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müsbət rəy alıb, amma kiminsə kabinetində ilişib qalıb”.

“Müzakirələr zamanı “Heyvanların mühafizəsi haqqında” qanun Türkiyədə bələdiyyə səviyyəsində mövcud olan “İtlərin mühafizəsi haqqında” qanun səviyyəsinə endirilib və nümunə kimi təqdim edilib. Amma Azərbaycan qanunvericiliyi çərçivə xarakteri daşıyır və onun itlər haqqında qanun səviyyəsinə endirilməsi bizim gözlədiyimiz nəticə deyil. Lakin, bu da qəbul olunmadı, çünki bir sıra strukturlar buna qarşı çıxır”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, heyvanlar, xüsusən də amansızcasına məhv edilən itlər şahidlik edə bilmir: ““Heyvanların mühafizəsi haqqında” qanun bir çox ölkələrdə, o cümlədən, Türkiyədə, Rusiyada, Avropa ölkələrində, ABŞ-da qəbul edilib. Biz isə hələ də gözləyirik. “Heyvanların mühafizəsi haqqında” qanunda sahibsiz heyvanların idarə edilməsi, ev heyvanlarının saxlanması və s. qaydalarından söhbət açılır. Ancaq bunlar alt qanunvericilik aktlarıdır”.

“İndi danışdıqları da yarım tədbirlərdir. Təbii ki, heyvanlara qarşı amansızlığa görə cərimələri artırmaq lazımdır, amma bunu dünən yox, srağagün etmək lazım idi. Fiziki şəxslərə münasibətdə cərimənin məbləği 10 dəfə artırılmalıdır. İndiki cərimə gülünc məbləğdir. Almaniyada belə cərimələr 6-7 min avro təşkil edir”, - deyə Qarayev vurğulayıb.

Bəs “Heyvanların mühafizəsi haqqında” qanun olmadan heyvanlara qarşı amansızlıq faktlarını necə düzgün formalaşdırmaq, ekspertiza aparmaq və sübut etmək olar? Hüquq-mühafizə orqanları bu təsnifata nəyin aid olduğunu dəqiq başa düşməlidirlər.

“Bəli, əgər bir şəxs heyvanı parçalayıbsa, onu şikəst edibsə, o, məsuliyyətə cəlb oluna bilər. O da əgər ictimaiyyət nümayəndələri bunu görüb ictimaiyyətə çatdırsalar. Ancaq heyvanlara qarşı qəddarlıq təsnifatına daxil edilməli olan hələ çox nüanslar var. Məsələn, bir insan iti bağında bağlayaraq, yeməksiz və susuz qoyursa və nəticədə heyvan ölürsə və ya heyvanı baytarlıq xidməti ilə təmin etmirsə, bütün bunlar da zoraklılıq hesab edilməlidir. Baxmayaraq ki, bu da heyvanlara qarşı amansızlıqdır, belə  cinayətlərin heç olmasa bir hissəsi cəzasız qalacaq. Sovet dövründə Cinayət Məcəlləsində heyvanlara qarşı amansızlıq maddəsi var idi. Bu maddə Azərbaycanın Cinayət Məcəlləsində də olmalıdır. Paralel olaraq “Heyvanların mühafizəsi haqqında” qanun qəbul edilməlidir. Yalnız inteqrasiya olunmuş yanaşma müsbət nəticə verəcək”, - deyə heyvan hüquqları müdafiəçisi fikrini yekunlaşdırıb.

Müəllif: Elya Belskaya