Həsənli və Hacıbəyli “qumbaranı partladır”, Milli Şura göyə sovrulur

Siyasət

18.05.2020 - 15:16

Azər Rəşidoğlu: “Gültəkin xanımın da dediyi kimi "sentyabrda nəsə olacaq"sa, Kərimlinin ətrafından kiməsə yeni parlamentdə yer təklif edilə bilər”

 

“Milli Şuranın növbəti zoom-konfransı, "bazar qeybətləri" yayımlandı. İlk "informasiya sızıntısı" qurumun iki liderini - Eldəniz Quliyev və Rafiq Manafovu bitirdi, siyasət dənizindən çox kənara tulladı. Azərbaycan siyasətinin “Afroditası”, gözəl simalı Gültəkin Hacıbəylini ağır, ölümcül yaraladı (hər iki görüntüdə məhz onun intriqaya başladığı təsəvvrü yaradılır), prezidentliyə sabiq vahid namizəd Cəmil Həsənlini "geylərin müdafiəçisi" imici qazandırmaqla, artıq nə vaxtsa prezidentliyə, liderliyə gedəcək yolunu birmənalı bağladı”.

 

AYNA xəbər verir ki, bu sözləri Milli Şura ətrafında baş verənlərə münasibət bildirən siyasi şərhçi Azər Rəşidoğlu deyib. Analitikin qənaətincə, daha Azərbaycan siyasətində Cəmil Həsənli amili də yoxdur: “Onun son ümidləri 2-ci zoom konfrans zamanı öldü. Professor "hamı iş başına (Hamı - trollar - A.R.), klaviatura bizi gözləyir", - çağırışı ilə özünü yeddinci səmadan yerə çırpdı. İkinci konfransda yenə də ən ağır zərbəni Azərbaycanın “Afroditası” aldı, bir yandan özünün çılğınlığı, digər tərəfdən montajdan keçmiş, kəsilmiş çıxışı ilə bir siyasətçi olaraq intihar etmiş oldu. Çıxış emosional və lazımsız idi, amma çayxanada hər kəs bu söhbəti edir, onun ağlına belə, gəlmədi ki, bu danışıqlar yayılmaq üçün çəkilir”.

Azər Rəşidoğlu adlı şəxsin şəkli.

Rəşidoğluna görə, ən əsas sual budur: Görüntüləri kim və niyə yayır?

 

Şərhçi kibercinayətkarlıqla bağlı deyilənləri qəbul etmir: “Hakimiyyətin başı özünə qarışıb, Milli Şura yada düşmür. Hər iki "məlumat sızması"nı diqqətlə izlədim. Birinci sızmada Qənimət Zahid sanki xəbərdarlıq edir - canlı yayım ola bilər, yayıla bilər. Xəbərdarlıq edir, özü isə susur. İkinci konfransda Altay Göyüşovu müdafiə edir, amma daha çox susur. Əli Kərimli isə ümumiyyətlə yoxdur. O, ikinci konfransa qısamüddətli qoşulur, "zaryadkası" ölür və epizodik rolda görünsə də, lider postunda əyləşir, özünü qoruyur. O çıxandan sonra Cəmil Həsənli və Gültəkin Hacıbəyli “qumbaranı partladır” və Milli Şura göyə sovrulur. Milli Şura artıq uzun müddət idi ki, əlavə yükə çevrilmişdi, onu daşımağa heç kəsin marağı qalmamışdı. Zatən son seçkidən və "İbrahimbəyov oyunu"ndan sonra "Rusiya layihəsi" imicindən təmizlənə bilmirdi".

 

"Milli Şurada olan ictimai xadimlərin isə iddiası günü-gündən artmaqda idi. Hakimiyyət böhranı yaşandığı və iqtidarın dialoqa getmək niyyətində olduğu bir zamanda (dialoq hər halda “cırtdanlar”la olmayacaq) Milli Şurada ambisiyalı adamların oturması arzu olunan deyildi. Bir neçə dəqiqəlik görüntülərlə, bu qurumun daşı daş üstündə qalmadı. Meydanda qaldı AXCP, xeyli zəifləmiş Müsavat, hələ formalaşmamış REAL və “cırtdanlar”ın calağından formalaşdırılmaqda olan yeni partiya”, - Rəşidoğlu vurğulayıb.

 

“Bu qüvvələr arasında yeganə güc mərkəzi AXCP-dir və onu danışıqlardan kənara tullamaqla, dialoq başlanıla bilməz. Lakin hakimiyyət bundan sonra Əli Kərimli ilə anlaşmaya getməyəcək. Amma Gültəkin xanımın da dediyi kimi "sentyabrda nəsə olacaq"sa, Kərimlinin ətrafından kiməsə yeni parlamentdə yer təklif edilə bilər. Payızda referendum və seçkinin keçirilməsi ehtimalı olduqca böyükdür. Bir sözlə, siyasi dəngələr yeni qaydalar üzrə formalaşır və Milli Şuranın məhvi də bu məqsədə xidmət edirdi”, - deyə analitik fikrini tamamlayıb.

Müəllif: Ayna.az