Hər dərdimizə dərman olmasaq da, ilkin tibbi yardımçı ola bilərik

İqtisadiyyat

26.07.2022 - 14:17

Öz dərmanlarımız daha əlçatan olar: daxili əczaçılıq bazarının gələcəyi necə olacaq?

Əczaçılıq sənayesi qlobal iqtisadiyyatın ən elm tutumlu və innovativ sektorlarından biridir. Bu sahə onu inkişaf etdirən ölkələrə böyük gəlir gətirir. Ehtiyac yaranarsa, hər hansı iqtisadi təlatümlərə baxmayaraq, insanlar mütləq dərmanlara pul xərcləyirlər.

Azərbaycanda dərmanların böyük əksəriyyəti xaricdən gətirilir. Hazırda ölkədə 33 adda dərman preparatı istehsal olunur, daha dördünün istehsalına başlanılması nəzərdə tutulur. Bu barədə ölkə Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyasında” deyilir.

Ölkədə dərman və tibbi məmulatların istehsalının təşkilinə dəstək vermək, onların keyfiyyətini yoxlamaq və qeydiyyat üçün müvafiq sənədləri təqdim etmək tapşırılıb. Əsas icra orqanı Səhiyyə Nazirliyi, icra orqanı isə İqtisadiyyat Nazirliyidir.

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ölkəyə dərman və tibbi avadanlıq idxalının əvəzlənməsi üçün dəstək tədbirlərinin görülməsinin zəruriliyi əvvəllər də müzakirə olunub. Orada yada salırdılar ki, pandemiyanın ilk günləri ən sadə tibbi ləvazimatların belə, idxalından asılılığımızı ortaya çıxarmışdı. Eyni zamanda yüksək idxal rüsumları xidmətlərin qiymətinin artmasına səbəb oldu.

“İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri, iqtisadçı alim Əyyub Kərimli AYNA-ya şərhində deyib ki, ölkəmizdə heç olmasa ilkin zəruri dərman vasitələrinin və tibbi avadanlıqların istehsalına başlanılmalıdır: “Bu, onların qiymətlərini xeyli azaldardı. Bunun üçün respublikada müəyyən baza var və bunun sayəsində əczaçılıq məhsullarının istehsalını genişləndirmək mümkündür”.

“Biz həm yerli, həm də xarici investorları təşviq etməliyik, çünki əczaçılıq iqtisadiyyatın mühüm sektorudur. Dövlət subsidiyaları da olmalıdır. Belə istehsalla məşğul olacaq xarici və yerli şirkətlər üçün güzəştli şərtlərin yaradılması lazımdır. Azərbaycanda yaradılan azad iqtisadi zona bu işdə müsbət rol oynaya bilər. Orada əczaçılıq istehsalı yerləşə bilər”, - deyə həmsöhbətimiz bildirib.

Amma Kərimlinin sözlərinə görə, əvvəlcə bu sektor üçün müəyyən məhsulların idxal rüsumlarının aşağı salınması məntiqli olardı: “Bu, həm insan resursları, həm də yüksək texnologiya tələb edən maliyyə cəhətdən intensiv istehsaldır. Beləliklə, ilkin mərhələdə lizinq dövriyyəsini tətbiq etmək olardı. Belə biznesin marjinallığı çox yüksəkdir, dərmanları bazar qiymətinə satmaq sərfəlidir. Azərbaycan daha sonra məhsullarını Hindistan, Türkiyə və digər dövlətlər kimi müxtəlif ölkələrə ixrac edə bilər”.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev də AYNA-ya söyləyib ki, Azərbaycanda dərman preparatları çox az istehsal olunur: “Əvvəllər, deyək ki, Vişnevskinin məlhəmini düzəldirdik, indi başqa ölkələrdən gəlir. Əvvəla, kadrlarla bağlı problemlərimiz var və onları yetişdirmək bir-iki il çəkmir, illər lazımdır. Sterilliyin bütün tələblərinə cavab verən sahələrə ehtiyacımız var. Bütün bunlar böyük investisiyalar tələb edir və belə investisiyaları kim verəcək? Bu, mürəkkəb bir sahədir və məlum səbəblərə görə diqqətlə izlənilir. İş adamları üçün başqa sahə seçmək daha asandır. Və güzəştlər burada heç bir şeyə təsir etməyəcək”.

“Yeni dərmanların istehsalı üçün dərin spektral analiz tələb olunur. Bu, uzun və çətin prosesdir. Amma biz kiçik və orta biznesi cəlb etməliyik ki, daha çox bitki mənşəli dərmanlar, efir yağları istehsal edək, əsas odur ki, daxili və xarici bazarın tələbatı nəzərə alınsın. Bunun üçün xammalımız var”, - deyə mütəxəssis vurğulayıb.

Ağayev əlavə edib ki, belə məhsullar uzun müddət xarab olmur, onu satmaq o qədər də çətin deyil: “Həm də xüsusi kombinezon, baxil, tibbi salfetlər və s. istehsalına yönəlmək olar. Onu da xatırlatmaq yerinə düşər ki, bizim ilan zəhərinin istehsal olunduğu ilan pitomniki var idi və bu perspektivli istiqaməti canlandırmaq lazımdır. Azərbaycan bu sənayedə müəyyən yer tuta bilər”.

Müəllif: Elya Belskaya