Hamiləliklə vaksinasiya arasında: tələb yox, tövsiyə var

Cəmiyyət

11.09.2021 - 22:29

“Qeydiyyatda olduqları qadın məsləhətxanalarına müraciət etsinlər, əks göstərişlə bağlı kağızlarını TƏBİB-ə təqdim etsinlər”

Həkimlərin bəziləri hamilə qadınların vaksinasiya olunmasının düzgün olmadığını, digərləri isə düzgün olduğunu deyir... – Bəs, əslində necə olmalıdır?

Vaksinasiya prosesinin sürətləndiyi bir dövrdə ailə qurmağı və ya övlad sahibi olmağı planlaşdıran insanları koronavirus əleyhinə peyvəndin təsirləri maraqlandırır. İnsanlar vaksinin doğulacaq körpənin sağlamlığına mənfi təsir etməsindən narahatdırlar.

Bəzi infeksionistlər isə vaksinin sonsuzluğa və ya doğulacaq uşağın zərər görməsinə səbəb olma ehtimallarını rədd edirlər.

Hamilə qadınlar da risk qrupuna daxildirlər. Hamiləlik COVID-19-un ağır nəticələrinin inkişaf riskini yüksəldir.

Amma Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Nərmin Muradovanın sözlərinə görə, dünyanın bir çox ölklərində hamilə qadınlar peyvənd olunur: “Məsələn, ABŞ-da, Böyük Britaniyada, İsraildə, Belçikada və digər inkişaf etmiş ölkələrdə belə hesab edirlər ki, vaksinasiya hamilə qadınlara nəinki zərər vermir, əksinə vacibdir”.

Digər mama-ginekoloq Aygün Məmmədova isə bu fikirlə razı deyil. O, AYNA-ya açıqlamasında TƏBİB-in bu barədə göstərişinin olduğunu bildirib: “Hamilə qadınlar qeydiyyatda olduqları qadın məsləhətxanalarında hamiləliklərini təsdiqləyirlər, ərizə yazırlar ki, onlar həqiqətən hamilədirlər və vaksinasiyadan azad olunmaq istəyirlər. Bununla bağlı əks göstəriş sertifikatı əldə edə bilərlər”.

“Bunun nəticəsində qadın məsləhətxanası hamilənin qeydiyyat kitabçasındakı sübutlarla (hamilə olması, dölün neçə həftəlik olması, hamiləliyi necə keçirməsi) TƏBİB-in təsdiqinə verir. TƏBİB isə hamiləliyin nəzarət kartını tam sübutlarla təsdiqlədikdən sonra hamilənin məlumatlarını və adını portala daxil edir. Hamiləlik bitdikdən sonra uşağı əmizdirmək müddəti də nəzərə alınır və bunu uşaq poliklinikası da təsdiq edir, hamilənin adı portala daxil olur”, - deyə mütəxəssis vurğulayıb.

Əlavə edib ki, dünya üzrə vaksinasiya prosesi hamilə qadınlar üçün nəzərdə tutulmayıb və həmin qadınlar vaksin olunmayıb: “Özünü qorumaq istəyən hər bir vətəndaş vaksinasiyadan mütləq keçir. Güclü allergik reaksiyası, müxtəlif əks göstərişləri olan insanlar vaksinasiyadan azad oluna bilirlər. Hamiləlik dönəmində ümumiyyətlə, peyvənd vurulmur və vurulmamalıdır. Hazırkı vaksinasiya da bura daxildir”.

“Düzdür, hamilənin öz istəyi olarsa, vaksinasiyada iştirak edə bilər. Ginekoloq olaraq mənim hamilələrim də var. Həmin qadınlar hamilə olduqlarını bilməyiblər və vaksiyadan keçiblər. Onlar ikinci vaksinasiyadan sonra biliblər ki, hamilədirlər. Həmin hamiləliklər üç-dörd aylıqdır. İndiyə kimi nəzarətimdədirlər və normal hamiləlik keçirirlər”, - deyə həmsöhbətimiz söyləyib.

Məmmədovanın dediyinə görə, TƏBİB və Səhiyyə Nazirliyi tərəfindən hamilə qadınların vaksinasiyada iştirak etməmələri üçün şərait yaradılıb: “Buna görə hamilə qadınlar qeydiyyatda olduqları qadın məsləhətxanalarına müraciət etsinlər, əks göstərişlə bağlı kağızlarını əldə edib TƏBİB-ə təqdim etsinlər”.

Bəs, Səhiyyə Nazirliyi və aidiyyəti qurumlar hamilə qadınların peyvənd olunması ilə bağlı hər hansı göstəriş veribmi? Bu sualmıza isə təəssüf ki, Nazirlikdən cavab ala bilmədik.

Müəllif: Ülviyyə Şahin