“Hakimiyyət manipulyasiyadan çəkinirsə, Tofiq Yaqublunu azad etsin”

Siyasət

16.09.2020 - 19:19

YAP-çı deputatın açıqlaması müxalif düşərgədə birmənalı qarşılanmır

 

“Tofiq Yaqublunun həbsi ətrafında sosial şəbəkələr və internet resurslarında siyasi manipuliyasiyalara cəhd edilməsi nə hüquqi mədəniyyət, nə də siyasi etika baxımından məqbul hesab edilə bilər. Nəticə etibarilə ortada konkret hüquq pozuntusu hadisəsi var və istənilən hüquqi dövlətdə belə hallarda eyni cəza mexanizmləri tətbiq olunur”.

 

Bu sözləri YAP-çı deputat Hikmət Babaoğlu, Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü T.Yaqublu barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən deyib. İddia edib ki, məsələnin siyasiləşdirilməsi doğru deyil: “Şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşının həyatı qiymətlidir, kiminsə haqsız olaraq həbs edilməsi heç bir halda heç kimin marağında ola bilməz. Hazırda Tofiq Yaqublunun səhhəti və bundan sonrakı məhkəmə proseduru ilə bağlı məsələlər ən çox iqtidar mənsublarının diqqət mərkəzindədir və cəzanın yüngülləşdirilməsi, yaxud hüququn daha humanist qaydada tətbiqi yolları axtarılmaqdadır. Nəticəni isə şübhəsiz yenə hüquq özü müəyyən edəcək”.

 

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə AYNA-ya açıqlamasında deputatın yalan danışdığını deyib: “Deputat hər hansı bir fikir səsləndiribsə, onun kimə aid oludğunu da mən yox, özü bilir. Biz Müsavat Partiyası olaraq Tofiq Yaqublunun həbsindən heç bir siyasi məqsəd üçün istifadə etmək fikrində deyilik. Bizim bütün məqsədimiz Tofiq Yaqublunun və onun timsalında bütün siyasi məhbusların sağ- salamat həbsdən azad olunmasıdır”.

Gülağa Aslanlı: “Müsavatın 70 dairədən namizədi məlumdur”

“Mənim əlimdə kimlərinsə bu işdən siyasi məqsədlər üçün istifadə etdiyini sübut edəcək fakt yoxdur. Sadəcə olaraq bizim işimiz ancaq Tofiq Yaqublunun müdafiəsini təşkil edib sağ-salamat evinə dönməsinə nail olmaqdır”, - Aslanlı bildirib.

 

Respublikaçı Alternativ Partiyası (ReAl) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli AYNA-ya açıqlamasında qeyd edib ki, ortada hansısa siyasi maraq varsa, bunun qarşısının alınmasının yolu Tofiq Yaqublunun azad olunmasıdır: “Yəni manipulyasiyadan çəkinirlərsə, yaxud da belə bir ehtimalın olduğunu görürlərsə, bu manipulyasiyalara son qoymağın yolu Tofiq Yaqublunun işinin ədalətli həllidir. Çünki cəmiyyətin böyük əksəriyyətində Tofiq Yaqublunun heç bir günahı olamadan həbs olunması fikri formalaşıb və məhkəmə prosesi də yüngül tərzdə desək, o qədər təzadlarla yadda qalıb ki, bu da manipulyasiyalara qapı açıb. Bu qapının bağlanmasının yolu da Tofiq Yaqublunun azadlığından keçir”.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

“Çox güman ki, burada xaricdə yaşayan və müəyyən internet resursları üzərindən yayım təşkil edən insanlar nəzərdə tutulub. Çünki xaricdə yaşayan bəzi jurnalistlər, internet televiziyaları bu hadisə ətrafında müxtəlif versiyaların yaranmasında, gərginliyin artmasında maraqlıdırlar. Ən azından, belə görünür. Hətta, fədakarcasına bu işə qol qoyan həkim Adil Qeybullanın həmin internet televiziyalarında linç olunduğunu görürük”, - ReAL yetkilisi vurğulayıb.

 

“Tofiq bəyin özünün də, ailəsinin də razı qaldığı həkimə qarşı linç edilmə kampaniyasının getməsi də onu göstərir ki, bu işin araxsında müəyyən maraq qruplarının olması ehtimalı var. Amma bir daha təkrar edirəm, bütün bu məsələlərin sona çatması Tofiq Yaqublunun azadlığa çıxmasına bağlıdır. Tofiq bəy azad olunan kimi bu manipulyasiyalar da (əgər varsa) sona çatacaq”, - Cəfərli əlavə edib.

Müəllif: Mərahim Nəsib