Gəmidə öldürülən azərbaycanlının nəşi ölkəmizə göndəriləcək

Xəbərlər

24.01.2021 - 15:22

XİN Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlı barədə açıqlama verib

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dəniz quldurlarının hücumu nəticəsində Türkiyəyə məxsus gəmidə öldürülən Azərbaycan vətəndaşın nəşinin Vətənə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

 

AYNA-nın xəbərinə görə, L.Abdullayeva deyib ki, dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşi hazırda gəmi ilə Qabonun Port Jentil limanına yaxınlaşmaq üzrədir.

 

“Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin Vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Belə ki, Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin “Türk Hava Yolları”nın ilk uçuş reysi ilə, yəni, yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır”, - deyə XİN rəsmisi əlavə edib.

Müəllif: Ayna.az