Əlihüseyn Hüseynovla bağlı bəzi detallar məlum olub
Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsindəki bağ evində gizləndiyi deyilən Əlihüseyn Hüseynovla bağlı bəzi detallar məlum olub.
AYNA.AZ-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunmuş və təkrar törətdiyi cinayətlərə görə axtarışda olan Ə.Hüseynov bir müddət əvvəl rayonların birindən Bakıya gəlib.
O, aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirilib. Ə.Hüseynov 10 gündən artıq imiş ki, həmin evdə gizlədilibmiş.
Hadisə ilə bağlı dünən polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub və şəxsin həmin bağ evində gizləndiyi bildirilib. Aparılan araşdırmalarla fakt təsdiqini tapıb və ev sahibinə həmin şəxsin polisə təhvil verilməsi məsləhət görülüb. Lakin ev sahibi məlumatları təkzib edib, evində kənar şəxsin olmadığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat məlumatını dəqiqləşdirib və məlum olub ki, Ə.Hüseynov həmin ünvandakı bağ evinin həyətindəki tikilidə gizlənir. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla həmin şəxs gizləndiyi tikilidə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.