Fərqli peşələr üzrə fərqli pensiya yanaşması: Mümkündür, amma bir şərtlə...

Cəmiyyət

23.06.2021 - 21:27

“Zehni əməklə məşğul olan insanların təqaüdə çıxma müddəti uzadılmalıdır, bununnla yanaşı unutmayaq ki, hazırda gəncləşmə ilə bağlı kifayət qədər çağırışlar var”

 

Məlum olduğu kimi, Milli Məclisin son iclaslarının birində deputat Siyavuş Novruzov pensiya yaşının müxtəlif təbəqələr üzrə fərqli olmasını təklif edib. Deyib ki, pensiya yaşı ilə bağlı məsələyə yenidən baxılmalıdır.

 

“Məsələn, şəxs 65 yaşında fəhlə işləyə bilməz. Buna heç yaş imkanı da şərait yaratmır. Müəllim isə 65 yaşında hələ təzə-təzə fəaliyyətə başlayır, xüsusilə də bura ali məktəblərdə dərs deyən müəllimləri əlavə etmək olar. Onları 65 yaşında təqaüdə dəvət etdikdə deyirlər ki, “mən doktorluğu yeni müdafiə etmişəm, hələ mənim fəaliyyətim bundan sonra başlayır”. Ona görə də burada da yanaşma tərzi dəyişdirilməlidir”, - deyə o bildirib.

Siyavuş Novruzov vəzifəsindən istefa verib -     RƏSMİ

“Necə ki, hüquq-mühafizə orqanlarında 55 yaş müəyyən edilib, eləcə də ağır sahədə çalışan insanların da yaş həddi müəyyən olunmalıdır. Ağır sahədə çalışan insanlar üçün yaş həddi digərləri ilə eyni tutulmamalıdır və onlar təqaüdə daha tez çıxmalıdırlar, bunu daha ədalətli hesab edirəm”, - Novruzov əlavə edib.

 

Həqiqətən, bəzi peşə sahibləri digərlərindən fərqləndirilməlidirmi? AYNA-nın sualını cavablandıran Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı ekspert Elşad Məmmədov da müxtəlif peşələr üzrə çalışan insanların əmək qabiliyyətinin müxtəlif yaşlarda fərqli olduğu və bu nöqteyi-nəzərdən 65 yaşında olan bir müəllimlə, 65 yaşında olan, ağır fiziki işlə məşğul olan insanın əmək qabiliyyətinin işlədikləri peşələr üzrə fərqli olması təklifi ilə razıdır.

Elşad Məmmədov

“Amma bununla yanaşı, istər zehni əməklə dolanan insanlar olsun, istər də daha çox fiziki əməklə öz əmək fəaliyyətini həyata keçirən insanlar olsun, onlar dövlətə müəyyən ödənişlər edir və ödənişlər etdikdən sonra müəyyən yaşa çatdıqdan sonra dövlətdən həmin ödənişlərin müqabilində təqaüd və pensiyaları almaq da onların halal hüququdur. Ona görə də bu yanaşma mütləq şəkildə işçi qüvvəsinin hüquqlarının müdafiəsinə əsaslanmalıdır. Məsələn, əgər insan müəllimdirsə, 65 yaşına çatıbsa, Dövlət Sosial Müdafiə Fonduna xeyli dərəcədə ödənişlər edibsə, bu, o demək deyil ki, o, bundan sonra da işləyə bilərsə, həmin vəsaiti geriyə almamalıdır”, - deyə həmsöhbətimiz bildirib.

 

İqtisadçının fikrincə, burada şaxələndirilmiş yanaşma olmalıdır: “Zehni, intellektual əməklə məşğul olan insanların iş müddəti uzadılmalıdır, amma eyni zamanda bir məqamı da unutmamalıyıq ki, bu gün gəncləşdirmə ilə bağlı olan çağırışlar da kifayət qədər çoxdur. Və mən hesab edirəm ki, biz daha çox yeni işçi qüvvələrinin, o cümlədən intellektual əmək tələb edən sahələrə cəlb olunmasının təmin edilməsi üçün pensiyaların həcmində artıma nail olmalıyıq. Faktiki olaraq, pensiyaların artımı vasitəsilə biz yaşlı əmək qüvvəsinin pensiyaya çıxmasına stimul yaratmış olarıq”.

 

“Çünki əgər müxtəlif, o cümlədən intellektual zəhmət tələb edən sahələrdə cavanlaşması prosesi reallaşmazsa, o zaman ölkədə həm sosial liftlərin formalaşması, həm gənclərin ölkə iqtisadiyyatına cəlb olunması, həm də intellektual əməklə bağlı problemlər yarana bilər. Ona görə də mütləq şəkildə son illərdə müşahidə edilən proseslər davam etdirilməlidir, yəni pensiyaların, təqaüdlərin həcmi artırılmalıdır, buna çalışmaq lazımdır. Çünki belə olmasa, hər bir insan çalışacaq ki, öz əmək müddətini artırsın və bu da gənclərin əmək bazarına daxil olmasına maneçilik törədəcək”, - deyə professor vurğulayıb.

 

Məmmədov əmindir ki, qeyd etdiyi problem işsizliyin artmasına da şərait yaradacaq: “İstər intellektual olsun, istərsə də əmək fəaliyyətinin digər istiqamətləri olsun, əmək bazarına daha çox yararlı olan insanlar faktiki olaraq iş yerlərindən kənarda qalacaqlar. Ona görə də hesab edirəm ki, intellektual əməklə məşğul olan insanların iş fəaliyyəti ilə bağlı yaş məhdudiyyətlərində fərqli yanaşmalara ehtiyac var. Amma biz öncə pensiya və təqaüdlərin lazım olan səviyyəyə çatdırılmasına nail olmalıyıq ki, müəyyən yaşa çatdıqdan sonra, hətta intellektual əməklə məşğul olan insanların belə, pensiya və təqaüdə çıxmağa stimulları olsun və əmək bazarında gənc mütəxəssislərə yerlər açılsın”.

Müəllif: Ülviyyə Şahin