“Ermənistanın təxribatları davam edəcək, toqquşmalar olacaq” - KOVALENKO

Aktual

22.11.2021 - 10:19

“Rəsmi İrəvan indi bir sıra ən kəskin və aktual məsələlərin sivil həllinə hazır deyil”

Ukrayna-Türkiyə hərbi əməkdaşlığı günün əsas müzakirə mövzularındandır. Ukraynanın Türkiyədən silah-sursat alması, müasir PUA-larla ordusunun silah arsenalını yeniləməsi rəsmi Kiyevin işğalda olan ərazilərini güc yolu ilə azad etməyə hazırlaşdığı təsəvvürünü yaradır. Gedən proseslər barədə AYNA-nın suallarını ukraynalı hərbi və siyasi ekspert Aleksandr Kovalenko cavablandırıb. Ekspert eyni zamanda, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi terror təxribatları, Qarabağ ətrafında cərəyan edən proseslərlə bağlı fikrini bildirib:

- Ukrayna Ali Radası cümə axşamı keçirilən iclasda Ukrayna və Türkiyə hökumətləri arasında hərbi çərçivə sazişini ratifikasiya edib. Sənəd müdafiə sahəsində Ukrayna-Türkiyə əməkdaşlığının 21 istiqamət üzrə genişləndirilməsi və dərinləşdirilməsi üçün hüquqi bazanın yaradılmasını nəzərdə tutur. Onun qəbul edilməsini necə şərh edərdiniz?

- Ukrayna ilə Türkiyə arasında artan hərbi-texniki əməkdaşlığı nəzərə alsaq, bu sənəd kifayət qədər gözlənilən idi. Hazırda ölkələrimiz hərbi-texniki əməkdaşlıq kontekstində qarşılıqlı faydalı şərtlər əsasında sahələri və nomenklaturanı genişləndirir, müəyyən sahələrdə bir-birinin imkanlarını tamamlayır.

- Müdafiə sahəsində Ukrayna-Türkiyə əməkdaşlığının həyata keçirilməsi konkret hansı bəhrələri və nə vaxt verəcək?

- Əslində bəhrələr artıq görünür. Ukraynanın “AI-450S” mühərrikləri ilə təchiz edilmiş Türkiyənin PUA-ları, xüsusilə “Akıncı” havaya qalxır, “M60A3 Sabra” tankları isə Ukraynanın “Zaslon” (türk versiyasında “Akkor” PULAT) aktiv müdafiə sistemləri ilə təchiz edilib. Ukrayna öz növbəsində Türkiyədən “Bayraktar TB2” hücum PUA-ları alır, avadanlıqlarımız Türkiyə istehsalı olan rabitə stansiyaları, həmçinin mikrosxemlərlə təchiz olunub. Ona görə də biz bu əməkdaşlığın bəhrələrini indi görürük və illər keçdikcə daha da artacaq.

- Bu amil Donbassdakı separatçılara qarşı sülhün təmin edilməsi əməliyyatı baxımından həlledici əhəmiyyət kəsb edəcəkmi?

- İdeal olaraq, işğal olunmuş ərazilərin problemi siyasi yolla həll edilməlidir. Bunun bir sıra səbəbləri var ki, bunlar arasında əsas səbəb Rusiya qoşunlarının Donbassda yerləşməsidir və marionet “respublikalar”ın sülhə hər hansı məcbur edilməsi dünyanın nüvə potensialına malik ikinci ordusu ilə sülhə məcbur etmək cəhdidir. Ukrayna bu ordunun təcavüzünü cilovlamağı bacarıb, lakin zorla məcbur etmək kifayət qədər mübahisəli məqamdır. Digər tərəfdən, uyğun şərait yetişəndə bu vəzifəni güc ssenarisi vasitəsilə həll etmək olar. Və bu halda Türkiyə ilə əməkdaşlıq, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin düşmən hədəflərinə qarşı hücum PUA-larından istifadə imkanlarına müsbət təsir göstərəcək.

- Təəssüf ki, son vaxtlar Ukrayna siyasətçilərinin Ermənistana səfərləri tez-tez baş verir, onlar mifik “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər. O cümlədən Ukrayna Ombudsmanı Denisova və Ali Radanın deputatları. Niyə onlar Ukrayna Xarici İşlər Nazirliyinin mövqeyinə məhəl qoymur və öz ölkələrinin dövlət maraqlarına zidd fəaliyyət göstərirlər?

- Ukraynada bir çox siyasətçilər ölkənin maraqlarından çıxış etmirlər. Məsələn, “Həyat uğrunda – müxalifət platforması” kimi bir partiya işğalçı ölkənin - Rusiyanın maraqlarını əks etdirən tamamilə açıq “beşinci kolon”dur. Belə partiyaların, siyasi xadimlərin fəaliyyəti Ukraynada boş söz deyil, demokratik dəyərlər sayəsində mümkün olur. Onların hərəkətləri, dediklərini demək bacarığı söz azadlığı ilə şərtlənir. Nəzərinizə çatdırım ki, 2020-ci ilin payızında Qarabağın işğaldan azad olunduğu bir vaxtda İlya Kiva kimi siyasətçi “müsəlman işğalçılarına” qarşı “pravoslav cihada” çağırmışdı. Təbii ki, bu siyasətçinin sözləri və hərəkətləri ölkənin xarici siyasətini əks etdirmirdi, amma digər tərəfdən də onun belə danışmasına heç kim qadağa qoya bilməzdi. Üstəlik, onun qüsurlu psixi sağlamlıq sertifikatı var. Ayrı-ayrı siyasətçilərin şəxsi hərəkətlərini dövlətin rəsmi mövqeyinə bağlamaq olmaz.

- Ermənistan-Azərbaycan sərhədində baş verən son döyüşlər nəyi göstərdi, onların nəticəsini necə qiymətləndirirsiniz?

-Təəssüf ki, mən bu cür eskalasiyanı gözləyirdim və bu yaxınlarda 44 günlük müharibənin ildönümünə həsr olunmuş yazımda qeyd etdim ki, Azərbaycan belə təxribatlara, çağırışlara hazır olmalıdır. Rəsmi İrəvan indi bir sıra ən kəskin və aktual məsələlərin sivil həllinə hazır deyil. Birincisi, sərhədin demarkasiyası məsələsi var. İkincisi, bütövlükdə sabotaj edilən Zəngəzur dəhlizi məsələsi. Bu və bir çox digər məsələlərin həllini pozmağın ən təsirli üsullarından biri də sərhəddə vəziyyətin gərginləşməsi, o cümlədən zorakılıqdır. Ona görə də təxribatlar davam edəcək. Son günlərin hadisələrinin göstərdiyi yeganə hal odur ki, erməni tərəfi öz təxribatında hələ də “qürurlu” tənhalıqda qalır və heç kim ona bu cür avantüralarda dəstək vermək niyyətində deyil.

- Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında yeni ciddi hərbi toqquşmalar mümkündürmü və onların nəticəsi necə olacaq?

- Təbii ki, təxribatlar davam edəcək, toqquşmalar da olacaq. Bu gün Azərbaycan öz ərazilərinin bir hissəsini geri qaytararaq, Ermənistanla ümumi sərhəd problemi ilə üzləşib. İrəvan suveren dövlətin sərhəd statusundan istifadə edərək, təxribatların sayını və həyasızlıq dərəcəsini artıracaq. Digər tərəfdən, 44 günlük müharibə ilə on il sonra geriyə atıldığı Ermənistanın indiki hərbi potensialı Azərbaycana qarşı hər hansı ciddi hərbi əməliyyat keçirməyə imkan vermir. Belə bir addım İrəvandakı mövcud rejimin sonu ola bilər. Ona görə də mən Azərbaycanla Ermənistan arasında sərhəd zolağının yaxın gələcəyini indi Donbassdakı demarkasiya xəttindəki vəziyyət kimi görürəm. Düşmənin gündəlik təxribatları və fasiləsiz dezinformasiya axını. Və bu cür gərgin vəziyyət Ermənistanı tam qane edir.

Müəllif: Əkbər Həsənov