Prezident İlham Əliyev: “Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduqlarını bilirik”
“Əfsuslar olsun ki, Ermənistan Minsk Qrupunun həmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu boşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar”.
AYNA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “BBC News”a müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmaları üzərində işləyəcəyik: “Çünki müharibədən əvvəl, 1990-cı illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlı yaşayırdı və bu da oradakı əhalinin 25 faizi idi. Ermənilər onların hamısını qovdular, etnik təmizləmə törətdilər və sonra “müstəqillik” elan etdilər”.
Jurnalistin “Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir” sualına İ.Əliyev belə cavab verib: “Bu, əsassız ittihamdır. Birincisi, əgər bu məsələ Ermənistanı həqiqətən də narahat edirsə, nəyə görə onlar əsas prinsiplərlə razılaşmırlar? Çünki əsas prinsiplər təsdiqlənsə və Ermənistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dayanacaq”.
Prezident qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edir: “Bu qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm”.
“Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?”, - deyə ölkə başçısı vurğulayıb.
“BBC News”un “burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı. Bizə verilən məlumata görə, onların çoxu qorxu içində yaşayır, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər. Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola bilərlər ki?” sualını isə İ.Əliyev belə cavablandırıb: “Xeyr, bu yanlış məlumatdır. Ola bilsin ki, kimsə evlənib soyadını dəyişib. Bu, burada adət olunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır. Nəyə görə onlar dünyanın digər yerlərində birgə yaşaya bilirlər? Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların bir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilirsiniz? Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar, onlar Azərbaycanda bir yerdə yaşayırlar, dünyanın bir çox digər yerlərində. Dünyadakı vəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəst mitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyət sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada yaşaya bilməzlər?”.