Ermənistanın “güzgü prinsipi” ilə vəziyyəti dəyişmək cəhdi: İrəvan yenə manipulyasiya edir

Siyasət

16.12.2023 - 10:24

Asif Nərimanlı: “Qoşunlar geri çəkilərsə, hərbi baxımdan strateji yüksəkliklərə nəzarəti itirə bilərik, siyasi baxımdan isə danışıqlar masasındakı vəziyyət Ermənistanın xeyrinə dəyişə bilər”

Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, rəsmi İrəvan qoşunların Ermənistan-Azərbaycan sərhədindən “güzgü prinsipi” ilə geri çəkilməsi təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, bu, sülh prosesinə müsbət təsir göstərəcək və gələcək mümkün gərginliyin qarşısını almağa kömək edəcək.

“Mən demirəm ki, razılaşma var. Bu, hazırda müzakirə olunan bir fikirdir. Başqa ideyalar da var”, - deyə Mirzoyan əlavə edib.

Rəsmi Bakının Mirzoyanın bu iddiasına cavabda qoşunların geri çəkilməsi barədə danışıqların getdiyi təksib edilib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, danışıqlar prosesində müzakirə olunan hansısa elementi çıxarıb ayrıca təqdim etmək cəmiyyətdə çaşqınlıq yaradır: “Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb. Bu, kifayət qədər mürəkkəb məsələdir. Tam razılaşma olmayan halda qoşunlar geri çəkirlərsə, kim zəmanət verə bilər ki, tərəflərin hər hansı biri yenidən həmin mövqeləri tutmayacaq? Qoşunların geri çəkilməsi ilə bağlı təklifin arxası da vardı və bu, Azərbaycan üçün qəbuledilməz idi”.

Siyasi icmalçı Asif Nərimanlı AYNA-ya müsahibəsində İrəvanın qoşunların sərhəddən çəkilməsi istəyinin Ermənistan tərəfindən bir neçə dəfə səsləndirildiyini xatırladıb:

- Mirzoyanın son bəyanatı təktərəfli idi və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tərəfindən təkzib edildi. Ermənistan bu cür bəyanatlarla danışıqlar prosesini manipulyasiya etməyə çalışır. Çünki hazırda Qərb sülh danışıqlarında vasitəçiliyi ələ almağa çalışır və onların gündəliyi Ermənistanın gündəliyinə yaxındır. İrəvan da öz istəklərini Azərbaycanın da razılaşdığı formada təqdim etməyə çalışır. Məsələn, Edmon Marukyan Vaşinqton görüşünə Bakının razılaşdığı iddiasını irəli sürdü, halbuki Azərbaycanın mövqeyi bəllidir. Yəni bu cür manipulyativ manevrlərlə prosesi xeyirlərinə dəyişməyə cəhd göstərirlər.

- Azərbaycan qoşunların geri çəkilməsinə razı ola bilərmi və ümumiyyətlə, qoşunların sərhəddən geri çəkilməsinin Azərbaycan üçün siyasi və hərbi zərərləri nələrdən ibarətdir?

- Azərbaycan qoşunların geri çəkilməsini qəbul etməyəcək, bu rəsmi səviyyədə də elan edilib. Çünki məsələ işğal dövründə Ermənistanın qanunsuz olaraq irəli çəkilən dövlət sərhədinin bərpa edilməsindən gedir. Məsələn, ordumuz sərhəd xəttinə çıxandan sonra Qafan hava limanı vizual nəzarət zonasına düşdü. Halbuki işğal dövründə Ermənistanın Qarabağla nəzəri “sərhəd” kimi qeyd etdiyi xətdən bir neçə kilometr aralıda idi. Bu da sərhədin qanunsuz olaraq irəli çəkilməsi nəticəsində baş vermişdi. O cümlədən, Qaragöl istiqamətində və sərhədin digər yerlərində də eyni vəziyyət idi. 44 günlük müharibədən sonra Azərbaycan Araz çayından başlayaraq, Kəlbəcərin Söyüdlü kəndinə qədər sərhəd xəttini bərpa edib. Təbii ki, delimitasiya və demarkasiya prosesində bu xətt müəyyən qədər dəyişə bilər və böyük ehtimalla ordumuz bir qədər də irəliləyəcək. Sərhəd xəttinin bərpa edilməsi strateji yüksəkliklərin də ordumuzun nəzarətinə keçməsi ilə nəticələndi. Ermənistan “güzgü prinsipi” ilə bu vəziyyəti dəyişmək istəyir. Əgər qoşunlar geri çəkilərsə, hərbi baxımdan strateji yüksəkliklərə nəzarəti itirə bilərik. Siyasi baxımdan isə danışıqlar masasındakı vəziyyət praktiki olaraq Ermənistanın xeyrinə dəyişə bilər. Ona görə də Bakı qəbul etməyəcək. Buna Azərbaycanın hüquqi haqqı da çatır, çünki ordumuzun hazırda dayandığı sərhəd xətti işğal dövründə Ermənistanın qanunsuz olaraq irəli çəkdiyi xətdir.

- Sülh sazişi ilə bağlı erməni rəsmilərin zidiyyətli bəyanatlarının şahidi oluruq. Bu ziddiyyət nədən qaynaqlanır?

- Ermənistan baş verənlərdən maksimum az ziyanla çıxmağa çalışır. Bir-birini təkzib edən bəyanatlar da bundan qaynaqlanır. İrəvanda anlayırlar ki, bütün hallarda Azərbaycanın gündəliyinin hamısı olmasa da, müəyyən hissəsini qəbul etməli olacaqlar. Hətta danışıqlar prosesi Qərb platformasına transformasiya olsa belə. Qərb platformasında Ermənistanın gündəliyinə yaxın mövqe olsa da, danışıqların aparılması, sülhün imzalanması üçün Azərbaycanın da mövqeyini nəzərə almalı olduqlarını bilirlər. Bura delimitasiya prosesində 8 kəndin qaytarılması, Naxçıvana güzəştəli şərtlərlə çıxışın əldə edilməsi və s. daxildir. Azərbaycan nəsə qazanmadan Ermənistanla sülh sazişini niyə imzalamalıdır? Ermənistanı bu narahat edir. İrəvan Rusiya masasından imtina edib, ümidlərini bağladığı Qərb masasında da güzəştlər etməli olduğu reallığı ilə üzləşir. Fikrimcə, erməni rəsmilərin mütəmadi olaraq dəyişən ritorikası bununla bağlıdır.

- Sülh sazişinin yaxın zamanda imzalanacağı ilə bağlı proqnozlar özünü doğruldacaqmı?

- Sazişin ilin sonuna kimi imzalanmasından bəhs olunur. Hərçənd bu, praktiki baxımdan çətin görünür. Birincisi, tərəflərin sərhədin hansı prinsiplərlə müəyyən edilməsi məsələsində fikir ayrılığı var və bunu tezliklə aradan qaldırmaq çətin görünür. İkincisi, kommunikasiyanın açılmasında mövqelər bir-birinə ziddir. Bu situasiyada sülh sazişinin qısa müddətdə imzalanması o halda mümkün ola bilər ki, tərəflərdən biri təzyiqlə üzləşir və mövqeyindən geri çəkilir. Bu isə mümkün görünmür. Çünki danışıqlar masası bir yox, ikidir və bu, təzyiqə məruz qalan tərəf üçün alternativ imkan yaradır. Digər bir variant belə ola bilər ki, sülh sazişi imzalanır, sərhədin delimitasiyası uzunmüddətli proses kimi müzakirə mərhələsinə keçir. Bu da praktiki olaraq az ehtimaldır. Çünki kommunikasiyanın açılması üçün sərhəd xətti də müəyyən edilməlidir. Bununla yanaşı, delimitasiya sonraya saxlanılsa belə, kommunikasiyanın açılması şərtləri sülh sazişində əksini tapımalıdır. Bu məsələdə də tərəflərin uzalaşması imkanları hələ də azdır.

Müəllif: Anar Bayramoğlu