Qərar deputatların əksəriyyətinin lehinə verdiyi səslə qəbul olunub
Ermənistanda növbədənkənar parlament seçkiləri səbəbindən fövqəladə hərbi vəziyyət rejimi ləğv edilib. AYNA erməni mediasına istinadən bildirir ki, qərar bu gün Ermənistan Parlamentində deputatların əksəriyyətinin lehinə verdiyi səslə qəbul olunub.
Ermənistan qanunlarına görə, parlament seçkiləri hərbi vəziyyət rejimində təşkil edilə bilməz. Səsvermə günündən 30-45 gün əvvəl mövcud parlamentin buraxılması da tələb olunur.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib.
Xatırladaq ki, Ermənistanda hərbi vəziyyət rejimi İkinci Qarabağ müharibəsi başlayandan bir gün sonra – sentyabrın 28-də elan edilmişdi. Müharibə bitdikdən sonra müxalifətin mitinqləri səbəbindən rejim uzadılmışdı.