Etirazçılar Paşinyan barəsində cinayət işi başlanmasını tələb edirlər
Bu gün İrəvanda Ermənistan Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçirilib. AYNA erməni mediasına istinadən bildirir ki, aksiya keçirən Milli Gündəm Partiyasının üzvləri Baş naziri Nikol Paşinyana vətənə xəyanət maddəsi ilə cinayət işinin başlanmasını istəyiblər.
Partiya sədri Ara Hakobyan Qarabağ müharibəsi ilə bağlı prokurorluqdan sirrli qalan bütün suallara aydınlıq gətirilməsini istəyib: “Paşinyan xalqı və ölkəni təmsil edə bilməyən məğlub Baş nazirdir. O, Ermənistana xəyanət edib. Haqqında cinayət işi açılmalı, həbs edilməlidir”.
Qeyd edək ki, Qarabağda atəşkəsin bərpası ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli birgə bəyanatından sonra Ermənistanda etiraz aksiyaları başlayıb. Qarabağ müharibəsindəki məğlubiyyətə səbəbindən ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələb olunur.