Erməni deputat: “Artsrun yalançıdır, parlamentdə işləyə bilməz”

Dünya

03.11.2021 - 16:56

“Hovannisyan müharibə dövründəki yalanlarına görə cavab verməlidir”

“Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Artsrun Hovannisyan parlamentin müdafiə və təhlükəsizlik üzrə komissiyasında ekspert ola bilməz”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin “Ermənistan” müxalifət blokunun deputatı Qeqam Nazaryan deyib.

Nazaryan qeyd edib ki, Hovannisyan təqsirləndirilən şəxsdir: “O, müharibə dövründəki yalanlarına görə cavab verməlidir. Təqsirləndirilən şəxs heç bir halda parlament komissiyasında ekspert ola bilməz”.

“Onun ekspert təyin edilməsi ilə bağlı namizədliyi komissiya üzvlərinə təqdim edilməlidir. Amma indi anlaşılmaz proses gedir - hakimiyyət bəzi məsələləri komissiyadan kənar həll etməyə çalışır. Bu həm ekspertlərə, həm də 44 günlük müharibənin şəraitini araşdırmaq üçün gələcək komissiyanın tərkibinə aiddir. Bu, müxalifət nümayəndələrinin ictimaiyyət qarşısında qaldırmaq niyyətində olduğu ayrıca məsələdir”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, “Armlur” nəşri Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Hovannisyanın parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasına ekspert təyin ediləcəyini yazıb. Komissiyanın rəhbəri Andranik Köçəryan yerli mediaya açıqlamasında məlumatı təsdiqləyib.

Xatırladaq ki, Ermənistan ictimaiyyəti Hovannisyanı İkinci Qarabağ müharibəsi zamanı qəsdən yalan məlumatlar verməkdə, faktları gizlətməkdə ittiham edir.

Müəllif: Ayna.az